Azərbaycan vətəndaşı pasportu o qədər əhəmiyyətsiz bir şey hesab edilir ki, az qala hər yoldan ötənə layiq bilinir. Ümid edirik, aidiyyatı orqanlar bu məsələyə diqqət yetirəcək, AFFA-nın təqdimatı, AGİN-in razılığı ilə vətəndaşlıq alan bu oyunçuların hansı məqsədlə belə kütləvi milliləşdirilməsinin hesabı sorulacaq. Axı, onlara pasport verilərkən ölkə idmanına xeyir verəcəkləri vəd olunur və ya idman nailiyyətləri əsas götürülür. Görəsən, bunların hansı sadalanan tələblərə cavab verir?
 
Eyni proses qadın futbolu yığmalarında daha biabırçı şəkildə aparılır. Rus, gürcü, alman, türk, ispan – bir sözlə, “üçbacı dolması”…
 
AFFA-nın indiki rəhbərliyi o qədər yarıtmaz siyasət yürdürlər ki, yeni nəslin yetişməsi sadəcə, mümkün deyil. Halbuki əvvəlki rəhbərliyin dövründə kifayət qədər futbolçu yetişdirilmişdi. Təsəvvür edin, hazırda milli komandanın özəyini təşkil edənlər hələ 2009-cu ildə U-21 millisində oynayanlardı. Hansı ki, onların yetişməsində indiki rəhbərliyin heç biri rolu olmayıb. Həmin heyətdən Elvin Məmmədov, Kamran Ağayev, Ruslan Abışov, Rahid Əmirquliyev, Səlahət Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyev hələ də əsas millinin üzvüdü, Vüqar Nadirov, Elnur Abdullayev, Asif Məmmədov, Tural Nərimanov, Nizami Hacıyev, Şəhriyar Rəhimov, Bəxtiyar Soltanov, Vaqif Cavadov, Namiq Yusifov, Samir Zərgərov, Vurğun Hüseynov isə ölkə klublarında müntəzəm çıxış edirlər.
 
U-21-in AVRO-2011 üçün olan heyətindən də bugünlərə çoxlu oyunçu gəlib-çıxıb. Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Qara Qarayev, Novruz Məmmədov, Araz Abdullayev, Amit Quluzadə, Ruslan Kurbanov, Emin Cəfərquliyev, Aqil Məmmədov, Cavid Hüseynov, Hüseyn Axundov, Tural Axundov, Emin Mehdiyev məhz keçmiş AFFA rəhbərliyinin vaxtında futbola qədəm qoyanlardı.
 
İndiki AFFA ancaq milliləşdirməklə məşğul olub və yeni nəsil yetişdirməyi yaddan çıxarıb. Biznes maraqları, pul o qədər şirin olub ki, hətta aşağı yaş qruplarında oynamadan əsas milliyə çağırılan saysız futbolçunun adını çəkə bilərik – Murad Ağayev (Rusiya), Uğur Pamuk (Almaniya), İltər Taşkın (Almaniya), Emin Nuri (Bolqarıstan), Pavel Paşayev (Ukrayna), Ufuk Budak (Almaniya), Rüfət Dadaşov (Almaniya), Renat Dadaşov (Almaniya), Dmitri Nazarov (Almaniya), Arif Daşdəmirov (Rusiya), Maqomed Mirzabekov (Rusiya), Əli Gökdəmir (Almaniya), Eddi İsrafilov (İspaniya), Pərdis Fərcad-Azad (Almaniya), Murad Hüseynov (Rusiya), Dəniz Yılmaz (Almaniya)…
 
Faciəvidi. Dmitri Nazarov və Azərbaycan çempionatı səviyyəsində oynamaq gücündə olan 1-2 nəfəri çıxın və siyahıya bir də baxın. Əksəriyyəti 1, bir neçəsi daha çox oyun keçirəcək qədər bacarıqlı olublar. Əvəzində azərbaycanlı balalarının yolunu tutublar. Hansı ki, onların yetişməsinin, inkişafının qarşısı hələ daha aşağı yaş qruplarında alınıb.
 
İndi siz deyin: millilərdə onsuz da əcnəbilərin oynayacağını bilə-bilə hansı valideyn övladını futbola yönəldər və ya hansı uşaq top dalınca qaçar?
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp