Uşaq-gənclər futbolundakı başqa bir bəla yeni nəslin yetişdirilməsi üçün kadrların olmamasıdı. Klublarda yaş qruplarının çoxluğu üzündən savadlı, bacarıqlı məşqçilər çatışmır. Həqiqi bacarıqlıların sayı azdı, yeniləri yetişdirilməyib,olanlar da digərləriylə – dünənki uşaqlarla eyni maaşa məhkum edilir, fərq qoyulmur. Belədə işləmək üçün stimul olmur,onlar da “yola vermək”lə məşğul olurlar.
 
Düzdü, AFFA məşqçi kursları təşkil edilir. Lakin orada rəhbərlər kimdi? Hələ özünün ciddi məşqçilik təcrübəsi olmayan, özünə dərs deyilməsi lazım olan Aslan Kərimov, tərcüməçi kimi tanıdığımız Osman Rəhimov!
 
Halbuki bu işlərlə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov kimi təcrübəlilər məşğul olmalıdı. Onlar Məşqçilər Komitəsində yığışıblar, amma birbaşa bu işə də rəhbərlik etməli, yeni kadrların yetişdirilməsinə birbaşa nəzarət etməlidilər. 500-1000 manat ödəməklə kateqoriya alanların, klublara yerləşdirilənlərin yetişdirdiyi uşaqlar təbii ki, yüksək tələblərə cavab verməyəcək.
 
Əslində, işin başlanğıc nöqtəsi buradı. Yeni nəsil futbolçular yetişdirmək üçün infrastruktur qurmaqla yanaşı, savadlı müəllim-məşqçi bazası olmalıdı. AFFA 10 ildə papağını günə verib, ya da görüntü xatirinə bacarıqsız məşqçilər ordusu hazırlayıb. Hansı ki, onlar uşaqlara ən elementar şeyləri, futbolun əlifbasını öyrətməkdə acizdilər.
 
Azərbaycan Dövlət Bədən Tərbiyası və İdman Akademiyası da bu baxımdan fəaliyyətsizdi. Ali məktəbin futbol kafedrası sabiq futbolçulara diplom paylamaqla kifayətlənir. AFFA həm AGİN, həm də Təhsil Nazirliyi ilə normal əməkdaşlıq qurmadığından heç bir ümumi işdən danışa bilmirik. Bəli, ortaq iş var, lakin AGİN-lə milliləşənlərlə, Təhsil Nazirliyi ilə hansısa məktəbli kuboku və ya topçiləmə festivalı səviyyəsində əməkdaşlıq edilir. Başqa heç nə…
 
Bu qədər problem varkən, biz milli komandaların uğursuz nəticələrindən danışırıq. İş düzgün qurulmayıbsa, belə problemlər varsa, təbii ki, ölkədə yeni nəsil futbolçular yetişməyəcək, milli komandalar məğlubiyyətləri sıralayacaq. Sabahın gözəl açılması üçün gecələr sakit, rahat yatmalısan, belə yatmaq üçün isə zəhmət çəkmək, yorulmaq lazımdı. Hə, 10 ildi AFFA-ya rəhbərlik edənlər yorğunluqdan yox, harınlıqdan mürgüləyir, ona görə də futbolumuzun sabahı tutqundu.
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp