AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. 

Futbolinfo.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb. Gənclər Liqasında çıxış edən U-19 evdə “Sumqayıt”ı 5 cavabsız qolla məğlub edib. 4 matçda 12 xal toplayan komanda yarışın lideridir. 

“Qırmızı-qaralar” U-17 Liqasında səfərdə “Zirə”ni eyni hesabla yenib. 7 oyunda 17 xal toplayan komandamız zirvəni ələ keçirib. Səfərdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gələn U-16 5 oyunda 13 xal toplayıb. Bu yaş qrupunda da “Qəbələ” 1-ci pillədədi. U-15 öz meydanında “Zirə” üzərində qələbə qazanıb – 3:1. 5 görüşdə 13 xal toplayan komanda liqanın vahid lideridir.

U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Şüvəlan”dan güclü olub – 4:0. 4 oyunda 10 xal qazanan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci sırasındadır. “Qarabağ”ı 3 cavabsız qolla məğlub edən U-13 ardıcıl 4-cü qələbəsini qazanıb. 12 xala malik “Qəbələ” zirvədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları VI turun matçlarına çıxıb. “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət iki komandası – “Qəbələ” və UGİM arasında oyunda sonuncular 2:1 hesablı qələbə qazanıb. 6 turdan sonra zirvədə qərarlaşan “Qəbələ” təmsilçilərinin ikisinin də 15 xalı var. U-11 Liqasında da “Qəbələ”nin komandaları üz-üzə gəlib. Burada “Qəbələ” qalib gəlib – 8:2. U-11 Liqasında 6 turdan sonra yarışın lideri olan “Qəbələ”nin 18, UGİM-in 12 xalı var. “Qəbələ”nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında da “Qəbələ” UGİM-i məğlub edib – 3:2. Gİİ isə Yevlaxın UGİM-ini 16:5 hesabı ilə yenib. Hərəyə 5 matç keçirən “Qəbələ” 15, Gİİ 9, UGİM 6 xala malikdir. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp