Gəncəlilər indi ayılıb. Mətbuat bu heyətlə “Kəpəz”in mövsümün ən uğursuz komandası olacağı ilə bağlı xəbərdarlıqlarını gözə almayan rəhbərlik, indi sonuncu pillədə çabalayarkən dərk edib. Və transferlərə başlayıblar.
 
Bir neçə gün öncə Məhəmməd Qurbanovu heyətinə qatan qərb klubu indi də başqa bir azad agentə qucaq açır. Söhbət seneqallı mərkəz yarımmüdafiəçisi Ba Aladji Mansurdan gedir. Son olaraq Mərakeşin “Kenitra” klubunda çıxış edən 27 yaşlı futbolçu “sarı-göylər”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
Təbii ki, yeni oyunçu bir müddətdi klubsuz olduğundan formada deyil və baş məşqçi Şahin Diniyev onu hazır vəziyyətə gətirmək üçün əziyyətə qatlaşır. Çalışdırıcı komandanın 4-cü legionerini turun “İnter”lə oyununa çatdırmaq üçün əlindən gələni edir. Onun matça yetişib-yetişməyəcəyi dəqiq deyil. Yəqin ki, futbolçu yalnız ikinci yarıda oyuna qoşula bilər.
 
Gəncə klubunda Dedimar Fereyra, Dialo Samba, Viktor Oseqeyl kimi əcnəbi futbolçular çıxış edir. Dialo hazırda zədədən əziyyət çəkirsə, Viktor da ümidləri doğrultmur.
 
1.90 sm boya malik olan Mansur Mərakeş klubundan öncə 8 il ölkəsinin “Linquere” klubunda forma geyinib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp