AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlayıb. Noyabrın 3-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin növbəti iclasında namizədlərin müzakirəsi reallaçacaq.
 
Bu tədbirə hazırlıq üçün AFFA-nın baş katibi Elxan Məmmədov işə başlayıb. O, menecer dostlarını/şəriklərini siyahı müəyyənləşdirmək üçün təlimatlandırıb. Elə adlar olmalıdı ki, İcraiyyə Komitəsinin iclasında istəklərinə nail olsunlar, seçdiklərindən birini təsdiqlətsinlər.
 
Əslində, çox şey indidən bəllidi. Sadəcə, İK-nın iclasında Məmmədovun ssenarisinə uyğun olaraq, yekun qərar veriləcək, baş katibin istədikləri rəsmiyyət qazanacaq. Alman mütəxəssislərdən yarımayan AFFA bu dəfə İtaliyaya üz tutub və yeni namizədi burada axtarır. Milli komandalarımızda da çalışan Riad Rəfiyev, eləcə də Elxan Məmmədovun digər şəriki, Berti Foqtsu yığmamıza calayıb, bu sövdədən yüzminlər qazanan Kamil Məmmədov baş katibdən koordinatları alıb. İndi bu cütlük həm birlikdə, həm də ayrılıqda italiyalı mütəxəssislərlə təmas qurur.
 
Bircə o yaxşı xəbərdi ki, İcraiyyə Komitəsi 3-cü dəfə bir araya gələcək. İldə 4 dəfə toplaşmalı olan qurum ötən 9 ayda cəmi bir dəfə iclasa yığışmışdı. “Futbolinfo”nun Nizamnamə xatırlatmasından sonra isə AFFA fəallaşdı. Çexiya ilə matç günü 2-ci dəfə bir araya gələn İK noyabrın 3-də sayı artıracaq. Dekabrda ilin yekunlarına həsr ediləcək daha bir toplantı olmalıdı və bununla da Nizamnamə tələbləri yerinə yetiriləcək.
Shares: