Topaz Premyer Liqasının son turunda baş tutan “Neftçi” – “Sumqayıt” oyununda maraqlı bir epizod diqqətimizi çəkdi. Oyunu yayımlayan “CBC-Sport”un operatorları bir anlıq “Bakcell Arena”dakı bir “skybox”u ekrana gətirdi.
 
Yox, orada nə AFFA, nə də klub rəsmiləri, heç “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də oturmamışdı. “CBC-Sport” nədənsə menecer Kamil Məmmədov və dostlarını iri planda ekrana gətirməyi lazım bilmişdi. Bu, həmin Məmmədovdu ki, “Neftçi”də heç bir transfer onun icazəsi olmadan reallaşmır.
 
Bakılılara SOCAR tərəfindən ayrılan pulların futbolçulara ayrılan hissəsinin əsas nəzarətçisi olan Kamil bəy bu mövsüm də bütün legionerlərin gəlişindən faiz qazanan əsas şəxsdi. Həmin matçda hər 2 qolu yerlilər vursa da, Məmmədovun gətirdiyi legionerlərdən 4-ü ehtiyatda qalsa da, televiziyada çalışan dostlarımız nədənsə onu reklam etməyi lazım bildi. Ola bilsin, “Neftçi”nin əsl sahibini tanıtmaq lazım imiş.
 
Məmmədovu tanıtmaq naminə biz də kiçik bir qeydi bölüşək. Kamil bəyin kluba əsas transferi Derlis Meza Kollidi. Bu, həmin oyunçudu ki, 6 ay futbol oynamaya-oyanamaya heyətə götürüldü. Və əsas məsələ: Derlisin Paraqvay “Serro Portenyo”su ilə müqaviləsi bitsə də, ona görə bu kluba 60 min dollar ödəndi. Saxta sənədlə guya müqaviləli olduğu göstərilən oyunçuya görə “Neftçi” büdcəsindən çıxan pulun tən yarısı sonradan ölkəmizə qayıtdı, amma kluba yox, kimlərinsə cibinə.
 
Məncə, belə bir adamı böyük planda göstərməyə dəyərdi…
Shares: