Noyabrın 3-də AFFA İcraiyyə Komitəsi il ərzində 3-cü dəfə bir araya gələcək. Səbəb milli komandaya namizəd məşqçilərlə bağlı müzakirə aparmaqdı.
 
Hazırda fikirlər haçalanıb, daha doğrusu, təbliğat elə aparılır ki, sanki 2 cəbhə var. Hər iki cəbhədə də Qurban Qurbanovun adı hallanır – gəlməsini istəyənlər və milliyə gəldiyi halda “yanacağını” deyənlər.
 
İctimaiyyətin istəyi təbiidi. Əvvəla, əcnəbi məşqçiyə ona görə “yox” deyiməlidi ki, ölkədə futbolçu potensialı zəifdi və hansı məşqçinin gəlməsinin böyük ölçüdə fərqi yoxdu. Bu postdan gedən Robert Prosineçkinin dediyi kimi, Azərbaycan millisinin böyük turnirlərin final mərhələsinə qatılmaq perspektivi görünmür. Bu səbəbdən ölkənin pulunu, valyutanı hansısa əcnəbiyə dağıtmaqda məna qalmır.
 
Bundan başqa, ölkədə bu qədər uğurla çalışan, “Qarabağ”la tarixi uğur qazanan bacarıqlı biri varkən, ona ümumiyyətlə, namizəd kimi baxılmaması haqsızlıqdı. Prosineçki gələrkən AFFA rəhbərliyinin “cavandı, təcrübəsizdi” bəhanəsiylə kənarda qoyduğu bu mütəxəssis, indi onlara yuxularında görməyəcəkləri matçlar izlədir. O zaman nəyə görə indi Qurbanov ən azı namizəd kimi müzakirələrin mərkəzində olmasın?
 
Əslində, ölkə başçısının Qurban bəy haqda dediyi yüksək fikirlərdən sonra AFFA prezidenti də onun təyinatını istəyir. Sadəcə, ortada Elxan Məmmədov amili var. Baş katibə dürüst, vicdanla işləyəcək Qurbanov yox, onunla müxtəlif işbirliklərinə gedən, Eddi İsrafilova, Pavel Paşayevə, Dəniz Yılmaza qucaq açacaq, toplanışlarda, səfərlərdə “50-nin 50-yə” paylaşmalara razılaşacaq üzüyola əcnəbilər lazımdı. Xaricinin gətirilməsindən dost menecerlər də yaxşı qazanacaq, aylıq faiz alacaqlar.
 
Niyyət təmiz olmadığı üçün imkan daxilində Qurbanovun namizədliyi arxa plana atılır. Elxan Məmmədova onun qruplaşmasına aid olmayan biri sərf etmir, kurasiyasında olan milliyə “yad qüvvə” buraxmağın marağında deyil.
 
“Səbail”lə oyundan sonra baş tutan mətbuat konfransını diqqətlə izlədim. Qurbanov sanki milliyə gəlməyə hazır olmasını demək istəyir, əvvəlki kimi bu mövzunun bağlanmasını xahiş etmir, təkzibə həvəsli deyil. O, sadəcə, bu məsələni “Atletiko”yla oyun ərəfəsində müzakirə edib, fikrini yayındırmaq istəmədiyini söyləyir. Yəni, indi olmaz, Madriddəki oyundan sonra baxarıq.
 
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin açıqlaması da məntiqlidi. O da sanki buna razıdı, amma bir şərtlə: “Qarabağ”a ziyan vermədən. AFFA bu varianta da baxmalıdı. Yığmanın baza klubuna çevrilmiş Ağdam klubuyla paralel millidə çalışmaq pis nəticə verməz. Həm də gələcəkdə Qurban bəylə hər şeyi bölüşməyə hazır olan Rəşad Sadıqov kimi etibarlı dost, iddialı məşqçi yetişir.
 
Qurbanov artıq bir neçə il öncəki təcrübəsiz məşqçi deyil, hər sınaqdan üzüağ çıxmış mütəxəssisdi. Və AFFA onun adını namizədlər siyahısına salmağa və ən birinci sırada yazmağa borcludu. O, yerli futbolçulara, xüsusilə gənclərə verdiyi dəstəklə, onların inkişafında müstəsna rol oynamaqla da bunu haqq edib. Ölkə futbolunun inkişafına da töhfə verən biri varkən namizəd niyə Serbiyada, İtaliyada axtarılmalıdı ki?..
 
FƏRİD
Shares: