İl bitir, futbol ili yarılanır, AFFA isə hələ çək-çevir edir. Yatıb, indi ayılıblar ki, Region Liqası keçirmək lazımdı. Eybi yox, keçirsinlər, gec olması heç olmamasından yaxşıdı.
 
AFFA-nın yeni yarışının Əsasnaməsinə nəzər yetirərkən bir sıra maraqlı məqamları görürük. Əksər məsələlər adidi, amma qəribə olanlar da var.
 
Məsələn, yarışın keçirilməsinə nəzarətin AFFA-nın işçi qrupuna həvalə edilməsi qəribədi. Bu yarışı ya Regional Futbol Federasiyası, ya da Həvəskarlar Federasiyası təşkil etməlidi.
 
AFFA-nın işçi qrupunun tərkibi isə rəngarəng və gülməlidi. Bəli, Regional Futbol Federasiyaları İctimai Birliyi var, bəs, Məşqçilər Komitəsinin burada nə işi var? Axı, onların işi – adından göründüyü kimi – məşqçilərlədi. Ölkədə bacarıqlı məşqçi çatışmazlığı varkən, uşaq futbolunda təsadüfi adamlar çalışırkən, əsas işi buraxıb, çempionat təşkilində rol almaq nə dərəcədə məntiqlidi? Yoxsa RFF yalnız kağız üzərində mövcuddu, Həvəskarlar Federasiyasında işbacarmaz qohum-əqrəba, puldağıdan məmurlar toplaşdığı üçün qarışqa kimi yük daşımağı Vaqif Sadıqovla həmkarlarının boynuna qoyublar?
 
AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi də işçi qrupunda təmsil olunur. Əcəba, niyə? Uşaq liqalarını yarıdıblar, indi də böyüklərə girişiblər?
 
Noyabrın 10-dək vaxt var və işçi qrupuna müraciət edənlər 5 gün ərzində aparılacaq müzakirələrdən sonra talelərini biləcəklər. Amma bu işçi qrupun tərkibində ad olaraq kimlərin toplaşdığını da bilmək maraqlı olar. Ümid edirik, AFFA gizli saxlamaz. Dəqiqləşdirək, bəlkə heç onlar futbolun əlifbasını bilməyən adamların yığını olacaq.
 
“Mövsüm ərzində peşəkar futbol oynamış oyunçu Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz”. Əsasnamədəki bu qeyd yarışın həvəskar statuslu olduğunu göstərir. Sualı təkrarlayırıq: Həvəskarlar Federasiyası niyə “efir”də yoxdu?
 
Ən maraqlı hissə mükafatlandırma ilə bağlıdı:
Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla,  AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
Region Liqasında ilk 3 yeri tutan komandalara pul mükafatı təqdim olunur. 1-ci yer 10.000 (on min) AZN, 2-ci yer 5000 AZN (beş min), 3-cü yer 2000 AZN (iki min)
Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.
 
Bəri başdan deyək ki, bu, ciddi stimul deyil. Topaz Premyer Liqasında ümumiyyətlə, mükafat fondunun olmadığını deyə bilərsiz. Doğrudu, amma orada avrokuboklara vəsiqə qazanmaq vəzifəsi var və absurd görünsə də, bu, elə özü ciddi stimuldu. Bəs, həvəskar komandalar? İldə orta hesabla 8-10 səfər matçının xərclərini, maaş və mükafat fondu və s. hesablasaq, görərik ki, 10 min manatlıq mükafat fondu çox gülməli görünür. Halbuki daha böyük mükafat fondu ayırmaqla regionlardakı komandaları həqiqətən maraqlandırmaq, şirnikləndirmək olardı.
 
İndiki halda 10 min manat…
…Məşqçilər Komitəsinin 1 aylıq büdcəsidi…
…Heç bir iş görməyən AFFA-nın texniki direktoru Bernard Lippertin 5 günlük qazancıdı…
…millinin sabiq baş məşqçisi Robert Prosineçkinin 1,5 sutkaya qazandığıdı…
…baş katib Elxan Məmmədovun AFFA-nın balansındakı stadionlara rəhbər qoyduğu dost və qohumlarının aylıq maaşıdı…
…klublara AFFA tərəfindən göndərilən Kamran Quliyev kimi rəhbərlərin 15 günlük əməkhaqqıdı…
…milli komandanın bir oyunçusunun bir qələbəyə görə qazandığının 1/5-di…
…AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi rəisinin aylıq maaşıdı…
…və s. və i.
 
Bir az ciddi olmaq lazımdı. Gözdən pərdə asmaq yox, həqiqətən bölgə komandalarını maraqlandıracaq mükafat fondu ayırmaq gərəkdi. Bəlkə o zaman Region Liqası pilot layihədən müntəzəm yarışa çevrildi.
 
AĞA
Shares: