“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı səfərdə keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 1:1 hesablı heç-heçəni qələbəyə bərabər saydığını bildirib:

“Ağır həftə keçirmişəm. Zədədən yeni dönmüşdüm. Çox çətin olsa da, möhtəşəm nəticəyə imza atdıq. Biz, demək olar ki, qalibik. Buna görə çox xoşbəxtəm. Komanda yoldaşlarım adından sevincliyəm. Ancaq futbolda belə nəticələrin qeydə alınması normaldı. Hesab edirəm ki, ən azı birinci hissədəki oyunumuzla buna layiq idik”.

Qarşılaşmanın 59-cu dəqiqəsində top uğrunda mübarizə zamanı madridlilərin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə vurduğu üçün meydandan qovulan Pedro bunun qırmızı vərəqəyə layiq hərəkət olmadığını düşünür. O, həmin vəziyyətdə baş hakim Dəniz Aytəkinin sərt addım atdığı qənaətindədi: 

“Qırmızı vərəqəyə görə çox kədərlənirəm. Hesab edirəm ki, həmin epizodda hakimin qərarı sərt idi. Hakim qərarları barədə danışmaqdan xoşum gəlmir. Hər kəsin səhv etmək hüququ var. O epizodda birbaşa qırmızı vərəqəyə layiq hərəkət etdiyimi düşünmürəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp