Mikayıl Nərimanoğlunun "Kəpəz”in Müşahidə Şurasından geri çağrılması və elə həmin gün AFFA-dakı departament rəhbəri vəzifəsini də itirməsi xeyli cavabsız suallar yaratdı.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov ilk gündən öz sevimli kadrını qorumaq üçün müxtəlif variantlara əl atmaqdadır. Amma qarşı tərəfin əlindəki faktların ciddiliyi onu geri çəkilməyə məcbur etdi.

Nərimanoğlunun səlahiyyət sahibi olarkən gəncəli kadrlara qarşı amansız davranması onları güzəştsiz mübarizəyə və son döyüşə girməyə məcbur edib. Elə bu səbəbdən də "Kəpəz”in icraçı direktoru vəzifəsindən azad olunduğunu eşidincə AFFA-nın kluba göndərdiyi və özünü əsl prezident kimi aparan Mikayıl Nərimanoğlunu "bitirməkdə" qərarlı olub.

AFFA-nın Gəncəyə göndərdiyi audit qrupu dünən şəhəri tərk edib. Ordataya yetərincə ciddi pozuntular çıxarılıb. Məsələ ondadı ki, Mikayıl Nərimanoğlunun əməllərindən bütün Gəncə xəbərdar olub. Onun bu işləri tək görmədiyi, rəhbərlik etdiyi dəstənin mütəşəkkil formada çalışdığı da şəhər rəhbərliyinə və AFFA-ya təqdim olun dosyedə qeyd olunub. Görünən odu ki, ayda 7 min manat "paket” alan Mikayıl bəyin bu məbləğə qane olmaması, daha çox qazanmaq eşqinə düşməsi onun sonunu gətirib. Ona öz əməllərini ört-basdır etməkdə isə "Kəpəz”in maliyyə meneceri, yəni mühasibi Mənsurə Məmmədova yardımçı olub.

Yəqin ki, Məmmədovanın adı sizə də tanış gəldi. Bəli, düz xatırladınız. Bu xanım may ayında AFFA tərəfindən "Ən yaxşı maliyyə meneceri” kimi təltif olunan Mənsurə Məmmədovadır. May ayında AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirillmişdi. Həmin görüşdə klublara lisenziyalar təqdim olunandan sonra iki nəfər təltif olunmuşdu. "Neftçi”nin nümayəndəsi Zöhrab Hacıyev  ən yaxşı lisenziyalaşdırma üzrə meneceri, Mənsurə Məmmədova isə ən yaxşı maliyyə meneceri sertifikatı ilə mükafatlandırılmışdı.

Maliyyə durumu elə də yaxşı olmayan, yalnız AFFA-nın ianələri hesabına ayaqda qalan "Kəpəz”in mühasibinin fərqləndirilməsi hamını təəccübləndirmişdi. Belə çıxır ki, mükafatın verilməsinə elə Mikayıl Nərimanoğlu yardımçı olub, ona bu yolla minnətdarlığını ifadə edib. Əldə etdiyimiz məlumata görə, Nərimanoğlunun olmadığı vaxtlarda Mənsurə xanım Gəncədə bütün işlərə və işçilərə nəzarət edirmiş. Onun son vaxtlar bütün ödəmələri nəğd apardığı, maaşları və xərcləri öz tərtib etdiyi cədvəl üzrə həyata keçirdiyi də gələn məlumatlar arasındadı. Audit yoxlamasından sonra ödəmələrin köçürmə vasitəsiylə aparılmasına qərar verilib. Xatırlayırsızsa, Cabir İbrahimov da saytımıza açıqlamasında buna işarə vurmuşdu.

Elxan Məmmədov dünən "haqqın.az” saytına verdiyi müsahibədə "Kəpəz”də maliyyə pozuntularının olduğunu etiraf etməyə məcbur olub. Sitat: "Biz "Kəpəz”ə pul ayırırıqsa, yoxlama da apara bilərik. Bəli, üçqat yoxlama və nəzarət var. Buna baxmayaraq, səhvlər olur. "Kəpəz”də maliyyə ilə bağlı nöqsanlar aşkarlanıb”.

Baş katibin "maliyyə pozuntusu” adını qoyduğu prosesin adı oğurluqdu. Hesabatlarda uyğunsuzluq varsa, deməli, çatışmayan məbləğ kimlərinsə cibinə gedib. Bunun adına isə oğurluq deyilir. Fərqi yoxdu, 5 manat, yoxsa 10 min manat. Oğurluq elə oğurluqdur. Elxan Məmmədovun "Kəpəz”ə təhkim etdiyi Mikayıl Nərimanoğlu isə oğurluqdan xəbərsiz ola bilməzdi. Baş katib sona qədər onları müdafiə etsə, belə çıxır ki, onun da bu "maliyyə uyğunsuzluqları"nda əli olub. AFFA-nın adamı Bakıda yaşadığından nəyisə gözündən qaçırıbsa, klubun mühasibi, yəni "Ən yaxşı maliyyə meneceri” hara baxırmış? Cavabsız suallar çoxdu. Araşdırmalarımız davam edəcək. Qarşı tərəfin mövqeyini işıqlandırmağa da hazırıq. (Sport7.az)

1509602356 mal - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp