Bu da sizin seçdiyiniz. Seçdiklərinizdən biri…
 
"Ayntraxt" klubunda çıxış edən Renat Dadaşov Azərbaycan millisində iştirakdan imtina edib. AFFA ona gənclər millisinin Avropa çempionatının seçmə oyunlarında Almaniya və Kosova ilə oyun üçün təklif göndərib. Lakin Renat səbəbini açıqlamadığı problemlərə görə, oyunlarda iştirakdan imtina edib.
 
Renat azərbaycanlıdı və millimizdə oynamaq onun üçün şərəf olmalıdı. Amma Dadaşov fərqli düşünür. O, yetişdiyi Almaniyada aşağı yaş qruplarında onsuz da oynayırdı, Azərbaycanı ona görə seçdi ki, bundestimə düşə bilməyəcək. Və bizə yalnız əsas komandada özünü göstərmək, millidə oynayıb, qiymətini qaldırmaq, klublardan daha sərfəli təklif almaq üçün “hə” dedi.
 
AFFA 18 yaşlı bu oğlana 1 milyon avro verib. Nə qədər təkzib etsələr də, həqiqətdi. Lakin onu nəinki U-19-a, heç gənclər yığmasına da çağıra bilmirlər. Almaniya U-17-də 15 oyuna 13 qol vuran bu oğlan ancaq əsas komandada oynayacağı halda ölkəmizə gələcəyini bildirir. Əsas millidə də 1 oyunda 5-6 dəqiqə çıxış edib, vəssalam.
 
İndi AFFA böyük pullar ödədiyi ərköyün istedadı ram edə bilmir. Bütün komandalardan imtina edir, yalnız əsas komandaya gələ biləcəyini deyir. Yaşı əsas millidə oynamağa imkan vermir, potensialı çatmır, təcrübə yığana kimi gənclər millisində oynamağı isə o istəmir. Düzdü, millimizdə oynamağa məcburdu, debüt etdiyindən geriyə yol yoxdu. Lakin o da bilir ki, digər yığmalara gəlməsə də, AFFA onu əsas komandaya çağırmaqdan imtina edə bilməz – 1 milyon avro xərclənib.
 
Deməli, danışıq düzgün aparılmayıb, şərtlər düzgün kəsilməyib, cəza mexanizmi yoxdu. Halbuki hansısa yerli futbolçu millidən imtina etsəydi, indi onun başına min oyun açılmışdı. Renata isə edə bilməzlər, asılıdılar.
 
Eddi İsrafilova da eyni məbləğ ödənmişdi, heç millinin kandarına ayaq basa bilmir, Renat da bu cür aradan çıxır. Bəs, milyonların hesabatını kim verəcək? Axı, bu qədər vəsaiti havaya sovurmaqdansa, onu daha sağlam, daha istedadlı futbolçu nəslinin yetişməsinə sərf etmək olardı. 2 futbolçuya hardasa 4 milyon manat sərf olunub. Bu pula hətta akademiya da yaratmaq olar.
 
Görəsən, dövlətin pulunu ağılsızca xərcləyən AFFA rəhbərliyi heç olmasa, indi bunu anlayıbmı? Dadaşov fövqəlistedad olsaydı, almanlar onu buraxardımı? Və ya Eddi nəyisə bacarsaydı, ildə 2 klub dəyişərdimi?
 
CAVAD
Shares: