Xəbər verildiyi kimi, sabah 09:30-da AFFA İcraiyyə Komitəsinin iclası olacaq. İclasda əsasən millinin yeni baş məşqçisinin kimliyi müzakirə olunacaq.
Robert Prosineçkinin istefasından sonra aramsız şəkildə əcnəbi məşqçi adları təbliğ edilməyə başladı. Bu "xətt" hardan qaynaqlanır? Əlbəttə ki, AFFA baş katibi Elxan Məmmədovdan. Niyə? Çünki əcnəbi məşqçinin dəvət edilməsi ona həvalə edilir. O da bu imkandan öz mənfəəti üçün yararlanır.
Ancaq uzun müddət əcnəbi praktikasından istifadə edən AFFA Məmmədovun strategiyasından heç bir fayda götürə bilmədi.
Ölkə futbolunda ən yaxşı şərait milli komanda üçün yaradılsa da, qarşılığında nəticələri qənaətbəxş saymaq mümkün deyil. Bundan başqa, aşağı yaş yığmalarının daha pis durumda olması da Məmmədovun kurasiyasında olan hər sahənin uğursuz olmasını düşünəyə əsas verir (Elə təkcə aşağı yaş qruplarına nəzarət edən Yusif adlı şəxsin bu sahədə naşı olmasını qabartmaq bəs edər. Sadəcə, o, Elxan Məmmədovun dostu-qohumudur və buna görə belə bir vəzifəyə təyin olunub; nə az, nə çox, 8 min manat məvacib alır).
…Nəticədə itimai fikir artıq əcnəbi məşqçi seçiminə qarşı çıxmağa başlayıb. Alternativ variant?
Əlbəttə ki, Qurban Qurbanov!
O, Azərbaycan futbolunu bataqlıqdan xilas eləyən biridir. Ölkə futbolunda klub azlığı böhranı yaşandığı bir ərəfədə "Qarabağ"ın beynəlxalq uğurları bu sahəyə diqqətin yönəlməsinə səbəb oldu. İnsanlar ona görəmQurbanova xilaskar kimi baxır ki, zamanla nəticələri yalnız yaxşılaşmağa doğru gedir. "Qarabağ"a baş məşqçi təyin olunandan hər il daxili və xarici çıxışlardakı nəticələri həmişə yaxşılaşmaqda davam edib.
Bundan başqa, zamanla futbol ictimaiyyəti Qurbanovun xarakteriylə daha yaxından tanış oldu.
O, dürüst iş, intizam, intensivlik və bu kimi müsbət keyfiyyətlərlə sabit komanda qura bildi. Əvvəllər "Qarabağ" yaxşı komanda, pis klub hesab edilirdi. Ancaq Qurbanov fenomeni klub problemini də tədricən həll eləməyə başladı. O, istənilən komandanı formalaşdırdı, sonra klubun infrastruktur sistemini qurdu. İndi "Qarabağ" futbol təsərrüfatımız üçün ən yaxşı nümunə halına gəlib və bütün bunların memarı məhz odur.
Milliyə baş məşqçilər arasında namizəd kimi göstərilməsi şübhəsizdir. Bu məntiqlə, onun posta təyinatı bircə rəsmən açıqlanmayıb.
Bəs "Qurbanov milliyə getməsin" deyənlər niyə çoxluq təşkil edir və onlar kimlərdir?
Qurbanovun milliyə getməyini istəməyənlər əsasən "Qarabağ"lılar və ölkə futbolu adına qazandığı möhtəşəm nəticələrə sevinən digərləridi. Onlar hesab edir ki, Qurbanovun klubdan gedişi nəticələrə pis təsir edəcək.
Digər qism etiraz edənlərsə Qurbanovu çox istəyənlərdir. Onların fikrincə, milli bataqlıqdı və istəmirlər ki, bu bataqlığa getsin. İctimai müzakirələri təhlil etsək, belə nəticəyə gəlmək olur ki, insanlar millinin qeyri-sabit çıxışını, yarıtmaz idarəçiliyini görür və bu kulta inamsızlıq var. Onlar Qurbanovun məhz bu idarəçilərlə işləməyini istəməyənlərdir.
Bütün tərəflər haqlıdılar.
Ancaq Azərbaycan millisi ölkə futbolunun güzgüsüdür. Burdakı nəticələrin də yaxşılaşması çox vacibdir. MDB məkanında futbola ən çox vəsait ayıran 4 ölkədən biri kimi Azərbaycan futbolunun inkişafı bu qədər paradoksal hal almamalıdır. Yığma ilə "Qarabağ", "Qəbələ" kimi klublarımızın beynəlxalq arenadakı nəticələri həddən çox fərqlənirsə, deməli, nöqsanın ünvanı bəllidir – milli doğru idarə edilmir, aşağı yaş qrupları naşılara həvalə edilib.
Bütün bunların nəticəsində Qurbanova xilaskar kimi baxıb, onun milliyə sahiblənməsi məntiqi yükünü büruzə verir. Onun bu işi hamıdan yaxşı bacaracağını iddia eləməyimizə isə məhz xarakteri əsas verir. Qurbanov bizə hərtərəfli sübut edib ki, əskiklik olan mühitdə heç vaxt çalışmaz, yaxud əskikliyi həll edər, maxinatorlarla əlbir olmaz.
Azərbaycan futbolunun inkişafını görməkçün Qurbanovun milliyə baş məşqçi təyinatı çox lazımlıdır. Nəinki komandanın ədalətli təşkili, həmçinin AFFA-dakı idarəçiliyin şəffaflaşması üçün də vacibdir bu.
Qurbanovu ölkə rəhbərliyi də qəbul edir, tanıyır və onun futboldakı nüfuzu hazırkı milli idarəçilərinin toplusundan belə üstündür. Odur ki, milliyə gəlşiini ehtiyatla yox, maraqla qarşılayaq.
(FutbolPress)