Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Gimaraynş” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa) oyunundan öncə xoşagəlməz hadisə baş verib.

Futbolinfo.az xəbər verir ki, matçdan öncə komandalar isinmə hərəkətləri edərkən Marsel təmsilçisinin təcrübəli müdafiəçisi Patris Evra meydanın kənarında olan azarkeşə təpik atıb. Lakin onun bu hərəkəti cavabsız qalmayıb. Qarşılaşmanın baş hakimi Tamas Boqnar müdafiəçiyə qırmızı vərəqə göstərib.

Oyuna ehtiyat oyunçular skamyasından başlamalı olan futbolçu bu hərəkətinin ardından komandasını matçın start fiti səslənmədən çətin vəziyyətdə qoyub. Belə ki, Fransa klubu oyuna 6 ehtiyat oyunçu ilə start verib.

2009-cu ildən yeni sistemlə keçirilən Avropa Liqasında ilk dəfə bir futbolçu oyun başlamadan qırmızı vərəqə almaqla meydandan qovulub.

“Gimaraynş” – “Olimpik” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: