AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.

Futbolinfo.az xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

“İclas başa çatdı. Yekdil qərarla Qurbanov milliyə baş məşqçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram”.

O qeyd edib ki, Qurbanov “Qarabağ”ın baş məşğçisi və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyətini davam etdirəcək: “İcraiyyə Komitəsinin üzvləri Qurbanın “Qarabağ”ın baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər”.

AFFA prezidentinin sözlərinə görə, Qurbanovla müqavilə 6 illik olacaq: “Xarici baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 seçmə mərhələni əhatə edən 6 illik müqavilə imzalamışıq. Bu, böyük bir hazırlıq prosesidi. Düşünürük ki, bir sistem qurulmalıdı. Premyer Liqanın bütün futbolçuları bir mərkəzdən, AFFA tərəfindən hazırlıq keçsin”. 

Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: “Müqavilənin şərti Vətənə qulluq etməkdi”.

AFFA prezidenti bildirib ki, millinin yeni baş məşqçisi ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək: “Millinin baza komandası isə “Qarabağ” olacaq”.

Shares: