“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan yığmasının “sükanı arxası”na keçməsi barədə ilk fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis təyinatdan sonra jurnalistlər üçün təşkil olunan brifinqdə öncə bunları söyləyib:
“Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdi. Mənə inandığınıza görə hər birinizə təşəkkür edirəm. Hamının gözü millidədi. Azarkeşlər daha yaxşı nəticə istəyir. Onların fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Milli komandanın uğurlu nəticə əldə etməyini istəyirlər. Biz də bunun üşün çalışacağıq. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Bizim planlarımız daha çox olacaq. Uzun bir proqramımız olmalıdı. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Azərkeşlərə və sizlərə minnətdaram. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm. Hamımız bir olub, yaxşı bir komanda formalaşdırıb, uğurlu nəticələr əldə edəcəyik”.
Qurbanov bildirib ki, hələlik köməkçiləri barədə danışmaq tezdi: “İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək”.
Əsas məqsədin AÇ-2020-yə vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov “Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdü. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik”.
Millimizin yeni baş məşqçisi müqavilə şərtləri barədə danışmaq istəməyib: “Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdu. Bir bir-birimizə inanaraq, bu yolu gedəcəyik”.