Topaz Premyer Liqasında cari mövsümün 2-ci dövrəsi hakim səhvləri ilə zəngin oldu. İş o yerə çatib ki, udan da, uduzan da şikayət edir.
 
Mövsüm əla başlamışdı. 2-ci turda “Qəbələ” – “Sumqayıt” (1:0) oyununda Əliyar Ağayev, 4-cü turda “Qəbələ” – “Zirə” (1:1) matçında Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadasının kiçik səhvlərini nəzərə almasaq, ciddi narazılıq yox idi.
 
Hər şey 9-cu turdan başladı. Yenə həmin Ömər, yenə həmin “Qəbələ”nin “Qarabağ”ı evdə yendiyi matçda ofsayddan vurulan yeganə qolu görmədi. Növbəti həftə “Qarabağ” – “Səbail” (1:0) matçında Rəvan Həmzəzadə eydan sahiblərinin başına oyun açdı. “Zirə” – “Qəbələ” (2:1) görüşündə isə qonaqlar Fariz Yusifovdan  narazı qaldı.
 
11-ci turda Əliyar Ağayevin briqadası daha bir səhvlə yadda qaldı. Onlar “Sumqayıt” – “Keşlə” (3:1) görüşündə qonaqların ofsayddan vurduğu qolu hesaba aldı. 12-ci turda yenə Ağayevin səhvləri diqqət çəkdi. Əliyar bu dəfə “Neftçi”nin “Qəbələ”yə evində 2:3 uduzmasında rol oynadı. Səhv künc zərbəsi qərarı, qonaqların qapısına təyin edilməyən penaltilər və s.
 
“Neftçi” – “Keşlə” (3:1) oyununda Rauf Cabbarov səhnəyə çıxdı. O, bakılıların ilk qolunda ələ dəyən topu görmədisə, son dəqiqələrdə də Ruslan Abışovun ofsayddan fərqlənməsinə göz yumdu. 13-cü turun daha bir səhvi “Sumqayıt” – “Səbail” (0:0) matçında reallaşdı. Rəhim Həsənov meydan sahiblərinin futbolçusu meydandan qovmamaqla bəlkə də “Səbail”in 2 xalını əlindən aldı.
 
Təbii ki, digər oyunlar da var ki, orada da müəyyən hakim səhvləri olub. Amma biz daha çox yadda qalanları qeyd edirik. 13 tura bu qədər ciddi səhv də kifayət qədər çoxdu. Ən maraqlı olan bu səhvlərdən 5-nin “Qəbələ”nin matçına təsadüf etməsi və 4-də “qırmızı-qaralar”ın bundan fayda görməsidi. Ölkənin bir nömrəli hakimi Əliyar Ağayevin adının 3 dəfə səhv olan oyunda çəkilməsi faktı da xoşagələn deyil.
 
Hakim qalmaqallarının qərəz, yoxsa səhv üzündən yarandığını bu yazıda araşdırmaq istəmirəm. Lakin fakt odur ki, mövsümün əvvəlindəki əla idarəçilik fasilə yaxınlaşdıqca görünmədi və hakimlərin qüsurları ortaya çıxdı. Və bu gün yalnız hakimləri qınamaq ədalətsizlik olar. Çünki onlar mövsümə birhəftəlik Quba toplanışından gəlib. Onlara yalnız fiziki hazırlıq keçilib ki, bu baxımdan da hələlik hansısa problem ortaya çıxmayıb.
 
Hakimlərin əsasən nəzəri-praktiki cəhətdən səhvlərə yol verməsinin isə günahkarı AFFA özüdü. Baş katib Elxan Məmmədov Hakimlər Komitəsinin təyin etdiyi Bolqarıstan toplanışını təxirə salmasaydi, bəlkə də bu mənzərə ortaya çıxmazdı. Hansı ki, cəmi 100 min manat vəsait tələb olunurdu. Baş katib UEFA-dan sırf hakimlərin hazırlığı üçün nəzərdə tutularaq ayrılan 300 min manata yaxın vəsaiti mənasız laiyihələrə yönəltməklə, həmin maliyyənin təyinatı üzrə xərclənməsini lazım bilmədi. Bu özbaşnalıq isə bu gün hakim səhvləri ilə, klubların haqqının yeyilməsi ilə nəticələnir.
 
(davamı olacaq)
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp