“Kəpəz”də başa çatmış audit yoxlamasının nəticələri hələ açıqlanmayıb. Lakin tezliklə bu boşluğun aradan qaldırılması gözlənilir.
 
Futbolinfo.az xəbər verir ki, rəsmi məlumatın yubanmasına əsas səbəb çatışmayan maliyyənin qaytarılmamasıdı. Belə ki, AFFA Gəncə klubuna göndərdiyi sabiq mətbuat katibi Mikayıl Nərimanoğlunun “itən” pulları geri qaytarmasını gözləyir. Vəsaitin bir qismi klub büdcəsinə ödənilib, lakin məsələnin hüquq-mühafizə orqanları səviyyəsinə qalxmaması üçün tam bağlanması gərəkdi.
 
Vaxt istəyən Mikayıl bəy də problemin tam həllinə cəhd edir. Çünki vəsait geri qaytarılsa, rəsmi açıqlamada hansısa yeyinti faktı yer almayacaq, Nərimanoğlunun sadəcə, sənəd məsələlərində səhvlər etdiyi yazılacaq. Bununla da həm Mikayıl bəy cinayət məsuliyyətindən qaçacaq, həm də onu himayə edən AFFA rəsmiləri “Kəpəz”də hansısa maliyyə yeyintisinin olmadığını deyə biləcək.
 
Nərimanoğlu hələlik büdcədəki kəsiri tam qapaya bilməyib. Amma illərdi dağıdılan böyük vəsait mütləq yerinə qoyulmalıdı. Bu, Mikayıl bəyin özü üçün də vacibdi. O, indiyədək azad nəfəs ala bilirsə, buna görə AFFA-nın səhvlərini düzəltmək üçün verdiyi şansa borcludu.
 
“Kəpəz”dəki qalmaqalda işindən olan digər şəxs Cabir İbrahimov oldu. İcraçı direktor vəzifəsini itirdi. Amma onun maliyə məsələlərində ciddi problemi çıxmayıb. Bir neçə gün öncə saytımızda Cabir bəyin də Nərimanoğlu kimi, “itən” vəsaitin öz payına düşən hissəsini geri qaytarmağa məcbur edildiyi haqda xəbər getmişdi. Lakin İbrahimov redaksiyamızla əlaqə saxlayıb belə bir şey olmadığını bildirdi: “Düzdü, vəzifəmdən ayrılmışam. Bu, Müşahidə Şurasının qərarıdı və hörmətlə yanaşıram. Ancaq maliyyə məsələləri ilə bağlı hansısa problemim yoxdu. Hadisələrin necə baş verdiyindən və kimlərin nədə ittiham olunduğundan xəbərdarsız. Təbii ki, müəyyən səhvlər olub, lakin heç bir maliyyə məsələsində adım olmayıb. Buna görə hazırda da stadion direktoru kimi fəaliyyətimi davam etdirirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp