İki gündən sonra bir ay tamam olacaq. Mikayıl Nərimanoğlunun "Kəpəz”dən uzaqlaşdırılmasından, AFFA-nın Gəncəyə audit yoxlaması göndərməsinin üzərindən bir ay ötəcək. Bir ay, 31 gün, 744 saat…

Ötən müddət ərzində bu ağrılı mövzuya yetərincə diqqət ayırdıq. Bəziləri bunu yıxılana balta çalmaq kimi qiymətləndirməyə çalışdılar. Amma biz əsla belə düşünmürdük. Məqsəq qaranlıqları aydınlatmaq, yeyinti faktların aşkarlanması prosesini sürətləndirmək, ictimaiyyətə düzgün informasiya çatdırmaq idi. Yəni peşə və vicdan borcumuzu yerinə yetirdik. Düşünürəm ki, bacardıq. Minlərlə "Kəpəz” azarkeşi baş verən gizlinlərdən məhz bizim vasitəmizlə xəbər tutdu, günahkarlar qaramızca deyinə-deyinə o dünyanı görüb gəldilər.

İş o yerə gəlib çatdı ki, Elxan Məmmədovda psixoloji gərginliklə müşahidə olunan həyacan başladı, bu gün dediyini sabah təkzib etdi, az qala Mikayıl Nərimanoğlu adlı adam tanımadığını dedi. Diplomat bacarığı hisslərini üstələdi, mətbuatın Gəncə gizlinlərindən, "Kəpəz”dəki yeyintilərdən yazan qisminin bostanına daş atdı: "Kimlərsə bu məsələni gündəmdə saxlayır”.

Bəli, AFFA-nın baş katibi "Kəpəz”dəki fırıldaqların gündəmdən düşməsi üçün əlindən gələni edirdi. Bu məsələnin gündəmdə qalması, araşdırmaların davam etməsi, Gəncə klubunun icraçı direktoruna, maliyyə menecerinə tribuna veilməsi, Mikayıl Nərimanoğluna isrartla zəng vurub sorğular ünvanlanması onun ürəyincə deyildi. Çünki məsələ uzandıqca ortaya daha yeni və dəhşətli faktlar çıxırdı. Hamıya məlum idi ki, Mikayıl Nərimanoğlu bu işləri təkbaşına görməyib, böyük oyunların kiçik "peşkası"na çevrilib. Bunu "Kəpəz"in maliyyə meneceri Mənsurə Məmmədova da etiraf etmişdi: "Hər dəfə Mikayıl müəllimə etiraz edəndə o, məsələləri Elxan Məmmədovla razılaşdığını deyirdi". Bəli, bu kəlmə Nərimanoğlunun Elxan Məmmədovla əlbir işləməsinin səmimi və qəti etirafı, baş katibin "Kəpəz"də baş verənlərdən xəbərdar olmasının isbatıdı.
 
Artıq müəyyən mənada məqsədinə çatmış kimi görünür. Amma imkan verməyəcəyik. Yenə də ondan hesab sorulacaq, audit yoxlamasının nəticələrinin ictimaiyyətə açıqlanması tələb ediləcək. Neftdən gələn pulların bu cür insafsızcasına dağıdılmasına yol verməyəcəyik. Bundan sonra da həm "Kəpəz”dəki, həm AFFA-dakı fırıldaqlardan, yeyintilərdən yazmağa davam edəcəyik.

Diqqət yetirin, həmyerlimiz Elvin Kərimov Rusiya mətbuatına Mirça Luçeskunun Türkiyədə menecerlərlə əlbir olub, milliyə oyunçu çağırmasından yazıb. Rumıniyalı çalışdırıcı telefonunu götürüb, Elvinə zəng vurub. Çalışıb ki, qaranlır məqamlara aydınlıq gətirsin, imicinin korlanmasına, adının bu cür maxinasiyalarda hallanmasına mane olsun. 72 yaşlı mütəxəssisin günahkar olub-olmadığını bilmirəm. Amma bir şey dəqiqdi ki, onun üçün adının təmizliyi vacibdi. Özünə əminliyi var, yazılanlara reaksiya verir, təmizə çıxmağa can atır.

Elxan Məmmədov isə barəsində yazılanlara bircə dəfə də olsun reaksiya verməyib. "Milliləşdirilən”, saxta pasport verilən futbolçulardan tutmuş Lippertin himayə olunması, klubların nəzarət alınmasına qədər onun barəsində indiyə qədər dəfələrlə əsaslı tənqidlər, ciddi ittihamlar yazılıb. Heç birinə aydınlıq gətirməyiblər. Niyə? Olmaya, deməyə sözləri yoxdu?

Buyurun, susmayın, cənab baş katib. Sizin danışacağınız, aydınlıq gətirməyə borclu olduğunuz o qədər gizlinlər var ki. Hesabat verməli, günahlarınızı, səhvlərinizi boynunuza almalısınız. Hodri meydan!

Sport7.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp