Topaz Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusunun saxlanılması barədə “Futbolinfo”nun yaydığı xəbər rəsmən təsdiqləndi. Bu barədə “Report”a paytaxt klubunun prezidenti Zaur Axundov məlumat verib. O bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar.
 
Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
Shares: