“Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılması barədə məlumatım yoxdu. İlk dəfə sizdən eşidirəm” – bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” (3:1) oyununda qonaqların 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. “Keşlə”dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olduqları iddia edilir.
 
Bu haqda münasibət bildirən Tərlan Əhmədov məsələdən xəbərsiz olduğunu deyib. O, belə işlərdə heç vaxt iştirak etmədiyini dilə gətirib: “Dünən bütün günü toyda olmuşam. Mətbuatda yazılanlardan xəbərsizəm. Nizami ilə aramızda komandaya dəvətlə bağlı söhbət belə olub ki, bu ilin oyunları başa çatandan sonra danışaq. Amma kiməsə rüşvət təklifi, ümumiyyətlə, ağlımızdan keçməyib. Həyatım boyu belə işlərə getməmişəm. Əgər kiminsə faktı varsa, gətirsin, qabağımıza qoysun, görək nədi, nə deyil? Çünki nə məsələ olduğunu bilmirəm. Amma belə söhbətlərdə heç vaxt olmamışam. Həmişə də demişəm ki, nə olacaqsa, halallıqla olsun. Bir işin halallığı yoxdusa, mənə lazım deyil. Elə oyunlara getmərəm. Belə şeylərə baş qoşmaq istəmirəm. Onsuz da, bizdə elədi ki, nəsə olan kimi, mətbuat aləmi bir-birinə qatır. Nizami ilə anlaşma yox, danışıq olub. Anlaşma çempionat oyunlarından sonra baş tuta bilər”.
 
Əhmədov məsələnin sübutu üçün faktın vacib olduğunu vurğulayıb: “Heç vaxt hansısa futbolçuya oyunu zəif keçirməsi ilə bağlı təklif etməmişəm. Çünki elə şeylərdən xoşum gəlmir, Allahdan qorxuram. Digər tərəfdən “Neftçi”nin elə böyük büdcəsi də yoxdu ki, kiməsə pul təklif etsin? Kimin faktı varsa, gətirib ortaya qoysunlar, yalandan yazmasınlar. Əgər Nizami və ya başqa futbolçularla bağlı əllərində fakt yoxdusa, şər atmasınlar”.
 
“Futbolinfo” olaraq vəd edirik: fakt olacaq, tələsməyin!
Shares: