“Baş verənləri mən də eşitmişəm. Nə deyəcəyimi bilmirəm. Belə şeylər haqda danışmaq çox çətindi”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Apasport”a açıqlamasında “Keşlə” klubunun futbolçusu Adrian Skarlatake deyib. Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” (3:1) oyununda qonaqların 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. “Keşlə”dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olduqları bildirilir.
Məsələ haqda danışan Skarlakate “Neftçi” ilə qarşılaşmada qəribəlik hiss etdiyini təsdiqləyib: “Kimlərinsə “Neftçi” və ya digər matçlarda bilərəkdən oynamadığını bilmirəm. Amma konkret olaraq, “Neftçi” ilə görüşdə qəribəlik hiss olunurdu. Əmin olmadığım üçün nəsə demək istəmirəm”.
Rumıniyalı müdafiəçi “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun səsləndirdiyi fikirlərə də toxunub. Təcrübəli futbolçu komandanın çalışdırıcısının paltardəyişmə otağında onlara heç nə demədiyini vurğulayıb: “Bəli, baş məşqçi həmin oyundan sonra mətbuat konfransında bu haqda danışmışdı. Paltardəyişmə otağında isə heç nə demədi. Lakin çox əsəbi idi. Məsələ ilə bağlı baş məşqçi daha çox məlumata sahibdi, onun danışması düzgün olar. Çünki ətraflı fikir səsləndirə bilər. Nələrin baş verdiyini, kimlərin oyun satdığını baş məşqçi bilir”.
“Kimsə sizə oyun satmaq təklifi edibmi” sualına Skarlatakenin cavabı belə olub: “Xeyr. Mənə heç kim elə təklif etməyib. Bəlkə də, qorxduqları üçün mənə heç nə deməyiblər. Çünki xarakterimi bilirlər. Həyatımda heç vaxt belə şey etməmişəm. Oyun satmaq məsələsini kimin təşkil etdiyini, həqiqətən, bilmirəm”.