"Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması AFFA-nın təşəbbüsü ilə olmayıb. Hazırda bizdə dolğun məlumat yoxdur. Ona görə də mövqe, münasibət bildirmək doğru olmazdı".

Futbolinfo.az xəbər verir ki, bunu "Report”a açıqlamasında UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov "Keşlə” klubunun futbolçularının danışılmış oyunlarda iştirak şübhəsi ilə saxlanılmalarına münasibət bildirərkən deyib. O bildirib ki, son oyunlarla bağlı şübhələr UEFA-dan göndərilən məlumatlarda da əksini tapıb: "Elə biz də "Keşlə"nin axırıncı oyunlarından sonra verilən açıqlamalardan hiss edirdik ki, klubun daxilində problemlər baş verir. Özümüz də məsələni araşdırırıq. Onların kim tərəfindən həbs olunduqlarına dair bizdə məlumat yoxdur. Hüquq-mühafizə orqanlarına əməliyyat-axtarış məlumatı daxil olubsa, onlar da oyunları izləyə bilərlər. Yəni, bu, AFFA-nın müraciəti olmadan da mümkündür və dövlətin AFFA-nın işinə müdaxiləsi sayıla bilməz. Çünki milli assosiasiyanın da işi Azərbaycan qanunvericiliyinə uyğun qurulub".

Qeyd edək ki, bu gün "Keşlə” klubu Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olması səbəbindən Nizami Hacıyev və Mirhüseyn Seyidovla imzalanmış müqaviləyə 4 gün öncə rəsmən xitam verdiyini açıqlayıb.

Shares: