Dəqiq nə baş verdiyini bilmirik, amma nəsə baş verir. Ölkə futbolu tarixində bu, bir ilkdi. 2 futbolçu danılımış oyunlarda şübhəli bilinərək saxlanılıb.
 
Nizami Hacıyevlə Mirhüseyn Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması artıq xəbər deyil, klub rəsmilərinin açıqlamalarına əsasən, təsdiqini tapmış faktdı. Haradadılar, kim saxlayıb, nəyə görə belə addım atılıb – bütün bunların hər birinə dair onlarca versiya var, lakin dəqiq heç nə yoxdu. Biz də bilmirik və nəsə iddia etmirik. Xəbər yalan olsaydı, futbolçular çıxıb açıqlama verərdilər, amma ortalıqda yoxdular.
 
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu saxlanılma hadisəsinin əsas səbəbidi. Lakin sonrakı açıqlamalara inansaq, səbəb yalnız bu oyun deyil. Bəlkə də xəbər böyük əks-səda doğurduğu üçün manevr edib, gümanları müxtəlif istiqamətlərə yönəltməyə, məsuliyyəti bölüşməyə çalışdılar.
 
Bu cümlələr kompüterin yaddaşına köçürülənə kimi sözügedən futbolçuların azad olunması barədə hər hansı informasiya yox idi. Hətta onların artıq günahlarını boynuna almalarına dair şaiyələr dolaşır. Rəsmi məlumat verilənədək gözləməyə məcburuq.
 
Nizamiylə Mirhüseynin saxlanılması ilə bağlı ilk təsdiq “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovdan gəldi. Qəribədi, müvafiq qurumlardan yox, Axundovdan! Olmaya bu şəxsin ayrıca həbsxanası var?
 
Həm də bir neçə dəqiqə sonra klub bəyanat yayaraq bu futbolçularla yollarını 4 gün öncə ayırdıqlarını açıqladığı halda, Zaur bəyin belə bir xəbər verməsi nə dərəcədə məntiqlidi?
 
“Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
 
Bu açıqlama da şübhəlidi. Əvvəla, şikayət olmasa, kiminsə saxlanılması mümkün deyil. Dəqiqləşdirə bilmədiyimiz xəbərə görə, bu futbolçulardan şikayət də elə “Keşlə” tərəfindən edilib.
 
Zaur bəyin açıqlamasından az sonra “Keşlə” bəyanat yaydı: “Keşlə” Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.
 
Bax, bu bəyanat olayların miqyasını böyütdü. Ola bilsin, Axundov “Neftçi”ylə müharibəyə getmək istəmədi. Əvəzində klub idarəçiliyində öz zəifliklərini etiraf etdi. Digər klublarının bostanına daş atmaqla yanaşı, sədr icraçı direktorları Rəmiş Malıyevi də pis vəziyyətdə qoydu. Axı, AFFA-nın sabiq hüquqşünası olan, indi isə məsləhətçi kimi 5000 manat “konvert”ə işlədiyi deyilən Rəmiş bəy həm də danışılmış oyunların araşdırıldığı komissiyanın üzvü olub. Malıyevin başı divizionklublarını araşdırmağa qarışmışkən, öz klubunda planlar cızılırmış.
 
Hələ müqaviləyə xitam verilməsinin səbəbləri də açıqlanmır. Bəlkə futbolçular anlaşmanın birtərəfli ləğvinə görə FİFA-ya, UEFA-ya üz tutacaq? Axı, onlarla müqavilə niyə pozulub? Bəlkə beynəlxalq futbol qurumlarının növbəti sanksiyalarından qaçmaq üçün?..
 
Tərəflər qəfil xəbərdən elə təşvişə düşdülər ki, “Neftçi”  tələsik bəyanat verməli oldu. Bakılılar səbrlə davranmaq, rəsmi açıqlamaları gözləmək əvəzinə, öz başlarına oyun açdılar. Daxili araşdırma aparmadan, şübhələri incələmədən məşqçiylə birlik mesajları verən rəhbərlik sabah iddialar sübut olunduğu halda, nə edəcək? Birgəlik jestləri suç birgəliyinə çevriləcəkmi?
 
Ardınca “Keşlə”nin futbolçusu Adrian Skarlatake fərqli saytlara oxşar açıqlamalar verdi: “Kimlərinsə “Neftçi” və ya digər matçlarda bilərəkdən oynamadığını bilmirəm. Amma konkret olaraq, “Neftçi” ilə görüşdə qəribəlik hiss olunurdu. Əmin olmadığım üçün nəsə demək istəmirəm”.
 
Maraqlıdı ki, Bakı Şəhər Baş Polis İdarəsindən, Daxili İşlər Nazirliyindən də dəqiq bilgi almaq olmur. Axundov futbolçuların saxlandığını deyir, dövlət qurumları isə təsdiqləmir. Əvəzində AFFA da futbolçuların “içəri”də olduğunu bildirir.
 
"Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması AFFA-nın təşəbbüsü ilə olmayıb. Hazırda bizdə dolğun məlumat yoxdur. Ona görə də mövqe, münasibət bildirmək doğru olmazdı" – bunu "Report”a açıqlamasında UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov deyib. O bildirib ki, son oyunlarla bağlı şübhələr UEFA-dan göndərilən məlumatlarda da əksini tapıb: "Elə biz də "Keşlə"nin axırıncı oyunlarından sonra verilən açıqlamalardan hiss edirdik ki, klubun daxilində problemlər baş verir. Özümüz də məsələni araşdırırıq. Onların kim tərəfindən həbs olunduqlarına dair bizdə məlumat yoxdur. Hüquq-mühafizə orqanlarına əməliyyat-axtarış məlumatı daxil olubsa, onlar da oyunları izləyə bilərlər. Yəni, bu, AFFA-nın müraciəti olmadan da mümkündür və dövlətin AFFA-nın işinə müdaxiləsi sayıla bilməz. Çünki milli assosiasiyanın da işi Azərbaycan qanunvericiliyinə uyğun qurulub".
 
Şübhə, təlaş, anlaşılmazlıq – hamısı bir aradadı. Hələlik futbolçuların günah sahibi olduğu dəqiqləşməyib, yalnız şübhələr var. Bəyanatlar, açıqlamalar isə fərqlidi, hamı bir-birini ələ verir. Bəlkə bu, elə qoluzorluluq nümunəsidi, Axundov heç bir sübutu olmadan, komandada saxlaya bilmədiyi futbolçuları qorxutmaq, onları ləkələmək üçün belə addım atıb? Lakin “yuxarılar”la razılaşmadan Zaur bəyin bu riskə cəsarəti çatarmı?
 
Qarışıq durumdu. Bizə rəsmi açıqlamaları gözləmək və hadisələrin ədalətli şəkildə sonlanmasını gözləmək qalır. Cinayət varsa, cəza da olmalıdı, bu işdə əli olanların hamısı ifşa edilməlidi. Bu, Axundovun ləkələmə cəhdidisə, onun özü haqda ölçü götürülməlidi. İnsanları taleyi həll olunur. Heç bir haqsızlığı alqışlamaq olmaz.
 
AĞA
Shares: