“Keşlə"nin iki futbolçusu – Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyun şübhələrinə görə bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Ancaq onların hansı şikayət əsasında, harda olduğu barədə informasiya yox idi. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətindən edilən rəsmi açıqlamalarda bildirilirdi ki, adıçəkilən oyunçuların harda saxlanılması barədə onlarda məlumat yoxdu.
Belədə günün ikinci yarısında futbolçuların Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("bandotdel") olması ilə bağlı iddialar ortaya atıldı. Ancaq bu idarənin belə xırda məsələ ilə məşğul olması o qədər də inandırıcı görünməmişdi.
Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Redaksiyamıza daxil olan informasiyaya görə, saxlanılanlar yalnız Hacıyev və Hüseynov olmayıb. "Keşlə"nin daha bir futbolçusu – Fuad Bayramov da onlarla birgə olub. Hər üç futbolçu klubdaxili "istintaqa" cəlb olunub. Lokal xarakterli araşdırmalar "Keşlə"nin prezidenti Zaur Axundovun keçmiş məmur fəaliyyəti zamanı qazandığı əlaqələrin sayəsində aparılıb.
İlkin araşdırmalardan sonra futbolçularla bağlı hər hansı danışılmış oyun faktı aşkarlanmadığı üçün onlar sərbəst buraxılıblar. Hər üç oyunçu hazırda evindədi.
Şübhələrin konkret nə ilə bağlı olduğu barədə də müəyyən informasiyalar əldə etmişik. Buna əsas səbəb kimi Nizami Hacıyevin son zamanlar iki dəfə Gürcüstana getməsi və orda bukmeker kantorları ilə əlaqədə olması göstərilib. Ancaq futbolçunun əslində səhhətinə görə qonşu ölkəyə getdiyi məlum olub. Araşdırma əsnasında onun Gürcüstandakı həkimi ilə əlaqə saxlanlılıb və Nizaminin dediyi vaxtlarda həqiqətən də müayinədə olduğu ortaya çıxıb.
Futbolçuların oyun-alqı satqısı ilə bağlı isə heç bir fakt tapmaq mümkün olmayıb. Onlarla əlaqə saxlamağa çalışsaq da, hələlik bu mümkün olmadı. Bu da onunla əlaqədardı ki, bir müddət futbolçulara mətbuata danışmaq qadağan olunub. Araşdırmaların tam yekunlaşdırılması gözlənilir. Əgər bundan sonra ciddi faktlar olsa, məsələ ilə istintaq idarələri məşğul olacaq.
Görünür, Axundov daxili "bandotdel" qurub vә öz hüquq müstәvisindә araşdırma aparır.
Hәr halda, prosesin gedişatını izlәyirik. (Futbolpress.az)