“Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov “Apasport”a müsahibə verib.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Nizami Hacıyev və Mirhüseyn Seyidovun dünən axşam saatlarında sərbəst buraxılması dəqiqdimi?
– Bəli. Bu gün məsələ ilə bağlı rəsmi açıqlama olacaq. AFFA İntizam Komitəsinin iclası keçiriləcək. Ondan sonra bütün məsələlərə aydınlıq gələcək. Saat 15:00-da rəsmi açıqlama veriləcək. Görülən işlər barədə yekun fikir bildiriləcək.
– Futbolçular hüquq-mühafizə orqanları tərəfindən sərbəst buraxılıbsa, deməli, günahkar deyillər?
– Bu, bu gün bilinəcək.
– Belə bir fikir formalaşıb ki, bu futbolçular “Neftçi” ilə anlaşdıqları üçün siz onlara bu yolla əngəl olmaq istəmisiz…
– Bu fikrin kim tərəfindən formalaşdığını bilmirəm. Gülünc söhbətdi. Kim harasa getmək istəyirsə, bunun sivil qaydası var. Müraciət olunur və məsələ sivil qaydada həll edilir. Futbolçunun müqaviləsi varsa, sözləşməsinin sonuna qədər oynamalıdı. Əgər vaxtından əvvəl getmək istəyirsə, yeni klubu təzminat ödəməlidi. Bunu düzüb, qoşmağa nə ehtiyac var? Hər şey müqavilə ilə olur. İyrənc, gülünc fikirləri kim deyirsə, mən ona yalnız yazıq və bisavad insan kimi baxıram.
– “Keşlə” klubunun yaydığı bəyanatda da qeyd olunub ki, adıçəkilən futbolçuların son 5-6 oyundakı çıxışı şübhə yaradıb. Bu şübhələrin arxasında dayanıb, araşdırmanı davam etdirəcəksizmi?
– Xeyr. Biz hər oyunu təhlil edirik. Həm komandanın, həm də futbolçuların çıxışına diqqət yetiririk. Bu, futboldu, individual idman növü deyil. Bu istiqamətdə işlərimiz necə gedirdisə, bundan sonra da o qaydada davam edəcək.
– Komandanı başqa kimlər tərk edəcək?
– Nizami Hacıyev və Mirhüseyn Seyidovla yollarımızı artıq ayırmışıq. Çempionatda bu ilin son turunda “Qəbələ” ilə qarşılaşacağıq. Ardınca kubok oyunlarımız olacaq. Birinci yarı başa çatdıqdan sonra müəyyən məsələlərə yenidən qayıdacağıq.