AFFA “Keşlə” klubunda baş verən son olaylarla bağlı bəyanat yayıb.
Futbolinfo.az həmin bəyanatı təqdim edir:
“Məlum olduğu kimi, idman oyunlarının nəticələrinin manipulyasıyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilib və Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb (Maddə 192-2).
Danışılmış oyunlarla və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır. Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasıyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasıyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu.
“Danışılmış oyunlar” dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldı və AFFA idman oyunlarının nəticələrinin manipulyasıyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdı.
Qeyd etdiyimiz kimi, danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.