“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə matç haqda danışıb:

– Ümumlikdə oyunumuz ağır getdi. Bunu hesaba görə demirəm. Futbolçuların bütün 90 dəqiqə boyu hərəkətlərində ağırlıq görünürdü. Məlumdu ki, yol yorğunluğu, meydança amili öz təsirini göstərir. Bundan şikayətlənmirik. Hətta yorunluğa görə Gəncədə məşqdən imtina etdik. Komanda bu gün ağır görünürdü. Oyunun taleyini həll edən futbolçular bunu bacardılar. Bir az Aml Yunanov narahat edir ki, yenə qol imkanlarını boşa verdi. O, buna görə stress vəziyyətdə idi. 

– Amilin yerinə Ehtiram Şahverdiyevi hücumun mərkəzində oynatdınız. Bu, effekt verəcəkmi?
– Ehtiram ümumiyyətlə, hücumçudu. Komandamıza bu mövqenin oyunçusu kimi gəlmişdi. Sadəcə, bizdə taktiki sxemə görə yarımmüdafiənin sağ cinahında oynadırıq. Amili ilk qoldan sonra dəyişməyi düşünürdük. Ümid edirik ki, Ehtiram hücumda da faydalı ola bilər.

– Cari çempionatın ilk yarısını 4-cü yerdə  bitirdiniz. Bunu qənaətbəxş nəticə sayırsız?
– Əlbəttə. Düzdü, bundan artıq da xallar ola bilərdi. Bəzi oyunlarda qalib də gələ bilərdik. Təki bundan sonra da yaxşı olsun.

– Hansı mövqeləri gücləndirməyi düşünürsüz?
– Maraq dairəmizdə olan futbolçular vardı. Biləndə ki, hansı klublarla danışıq aparırlar, reallığı biləndə 2-ci plana keçdik. Onlara alternativ axtarmağa çalışacağıq. Güclənmə hökmən laızmdı. Qışdan sonra bu yeri qorumaq həddən artıq çətin olacaq. (Sport24)

Shares: