“Səbail”in mətbuat xidmətinin klubun “Facebook”dakı səhifəsində “On sual" rubrikasının növbəti qonağı müdafiəçi Tamazi Tsetsxladzedi.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Necə oldu ki, futbolçu karyerasını seçdin?
– Uşaqlıqda Ronaldinyonun heyranı idim və onun kimi oynamaq istəyirdim. Lakin, o vaxt heç də yaxşı oynamırdım və həmyaşıdlarım mənimlə futbol oynamaq istəmirdilər. Bu da mənim çox xətrimə dəyirdi, ancaq eyni zamanda da həmyaşıdlarımı keçmək üçün məni motivasiya edirdi ki, daha da qətiyyətlə məşq edim. Və bələcə, mən futbol ilə məşğul olmağa başladım.
– Karyeranın əsas matçı və ya ən yaddaqalan epizodu haqqında hansı olub?
– Bu dəqiqə ən yaddaqalan epizod – “Səbail”ın “Neftçi”yə qarşı olan matçıdı. Hansı ki, həmin oyunda biz 1:0 hesabı ilə qalib gəldik. Bu matçın komandamız üçün tarixi əhəmiyyəti var idi, çünki “Səbail” ilk dəfə Premyer Liqada qalib oldu.
– Futbolda kumirin?
– Futbolda kumirim Fabio Kannavarodur.
– Hobbi və maraqların?
– Boş vaxtımda Sony Playstation 4 oynamağı xoşlayıram. Hobbiyə gəldikdə isə, əhval-ruhiyyəm yaxşı olanda kitab oxuyuram, mütaliəni sevirəm.
– Ən sevdiyin film, musiqi və kitab?
– Ən sevdiyim film – "The last of the Mohicans”, musiqi – “Ray Charles – Mother” və sevdiyim kitab isə “Karl Menninger – Man against himself”.
– Həyatının əsas qaydası…
– "Gələcəkdə istədiyin məqama çatmaq üçün, indi özünü qurban etməlisən". Yəni qarşına məqsəd qoymalısan və bu məqsədə çatmaq üçün çox çalışmalısan.
– İnsanlarda ən çox nəyə dəyər verirsən?
– İnsanlarda ən çox sadəliyə, mədəniyyətə və məqsədyönlülüyə dəyər verirəm.
– Karyeranda əsas məqsədin?
– Karyeramın əsas məqsədi – Gürcüstanın milli komandası ilə dünya çempionatında iştirak etmək.
– Gənc futbolçulara məsləhətin?
– Zəhmətkeş olmaq və heç vaxt həvəsdən düşməmək. Ola bilsin indi sizə heç kim fikir vermir, ancaq Allah mütləq zəhmətinizə qiymət verəcək.
– Azarkeşlərə müraciətin?
– Azarkeşlərimə onların dəstəklərinə görə minnətdarlığımı bildirirəm. Onlar oyunda mənə böyük motivasiya verirlər. Bizim azarkeşlərimiz – bizim 12-ci oyunçumuzdu. Varlığınıza görə təşəkkür edirik!