“Qarabağ” Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filipin xidmətində maraqlıdı.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Xəbərdə 23 yaşlı müdafiəçinin son vaxtlar klubda problem yaşadığı, Buxarest təmsilçisinin məşqçilərinin və rəhbərliyin onu komandada görmək istəmədikləri qeyd edilib.
Filipin xidmətində “Qarabağ”la yanaşı, Türkiyə və İtaliyanın ikinci liqa təmsilçilərinin də maraqlı olduğu, ancaq ən real təklifin məhz Ağdam klubundan gəldiyi vurğulanıb. Stelianonun “Dinamo” ilə müqavilə müddəti 2019-cu ilin yayına kimi nəzərdə tutulub. Onun Buxarest təmsilçisindəki aylıq qazancı 10 min avrodu. “Dinamo” müdafiəçisi üçün 400 min avro tələb edir.
1.77 sm boya malik olan arxa xətt oyunçusunun işlək ayağı soldu. O, müdafiənin sol cinahında çıxış edir. Filip dayaq yarımmüdafiəçisi və sol cinah yarımmüdafiəçisi kimi də oynaya bilir. 2012-ci ildən “Dinamo”nun uğurları üçün çalışan futbolçu, cari mövsümdə şans qazandığı 21 oyunda 1 qola imza atıb. Müdafiəçi Rumıniya millisində 7 oyun keçirib.