Dünən “Kəpəz” 8 futbolçusu ilə vidalaşdı. Buna qədər daha 3 legionerin yola salındığını nəzərə alsaq, faktiki bir “11-lik” qədər oyunçu lazımsız bilindi.
 
Autsayderdən danışırıq – bəlkə də iriçaplı islahat məntiqlidi. Yeni baş məşqçi Yunis Hüseynov gəldiyi gündən sıralanan böyükhesablı məğlubiyyətləri unutdurmaq, nəticələrin heyətlə bağlı olduğuna işarə etmək üçün bu addımı atır. Lakin vida tarixi, vidalaşanların siyahısı düşünməyə əsas verir.
 
Çempionatda düz bir ay əvvəl fasilə səbəbi ilə dayanıb, kubok oyunları isə 3 həftədi yekunlaşıb. Amma “Kəpəz” lazımsızların siyahısını indi açıqlayır. Halbuki normal klublar vidalaşacağı oyunçuların siyahısını oyunlar bitən kimi dəqiqləşdirməli idi. Necə ki, başqaları bunu edib, elə “Kəpəz” də 3 legionerlə davam etməyəcəyini hələ dekabrın ortalarında bəyan etmişdi. 8 futbolçunun taleyi ilə oynamaq Hüseynova başucalığı gətirməməlidi.
 
Bəli, həmin futbolçular özünə iş yeri tapacaq. Lakin onları indiyə qədər gözlətmək etik cəhətdən düz deyil. Bəlkə də daha yaxşı variantlar axtarmaq üçün onların kifayət qədər zamanı olardı, elə yerli oyunçu axtarışında olan klublar da planlarını buna uyğun qurardı. “Kəpəz”in etdiyi, yumşaq desək, hörmətsizlikdi. Yunis bəyin hansısa futbolçuları heyətdə görmək istəməməsi normaldı, futbola öz baxışı var, öz komandasını qurmaq istəyir. Amma bayram məclislərində xumarlanıb indi ayılmaq…
 
Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl – gedəcəyi daha öncədən açıqlanan bu futbolçular vidaya layiq idi. Bəlkə də “Səbail”in götürmək istədiyi Viktoru istisna etmək olar, lakin digərləri ümidləri doğrultmadı. Onların əvəzinə daha səviyyəli əcnəbi gətirmək mümkün olacaqmı? Qoy, bunu Yunis bəy düşünsün. Ümid edirik, büdcə və seleksiya bacarığı buna imkan verər.
 
Yerli oyunçularla bağlı isə vəziyyət fərqlidi. Qapıçı Ruzi Qiyaslı, yarımmüdafiəçilər – Azər Məmmədov, Aydın Qasımov, Serqey Çernışev və Məhəmməd Qurbanov Premyer Liqa səviyyəsində deyillər. Yəqin ki, sabiq baş məşqçi Şahin Diniyev onları yalnız ehtiyat qüvvədən məhrum olmamaq üçün götürmüşdü. Üstəlik, onların məvacibi də büdcəyə yük deyildi. Bu siyahıda Qurbanov istisnadı – o da qış ərəfəsində heyətə qatılmışdı və Gəncədən də öz xahişi ilə ayrılıb.
 
Digər 3 oyunçu isə “Kəpəz”ə lazımlı idi. Novruz Məmmədov start heyətinin dəyilməz üzvlərindən idi. Müstəsna bacarığı yoxdu, amma Diniyevin vaxtında əzmkar komandanın ən möhkəm  bəndlərindən sayılırdı. Hüseynovsa nədənsə ona yox, bu futbolçunun ehtiyatda saxladığı Tural Cəlilova etibar edir – bəlkə də “Xəzər Lənkəran”dan tanıdığı oyunçuda daha böyük potensial görür. Kimin yanıldığını zaman göstərəcək, lakin Yunis bəyin keçmiş tanışlarına “stavka” etməsi aydın görünür. Çünki Kamran Abdullazadə və İlyas Səfərzadə də qovulanlardan seçilmirdi, amma onlar Lənkəran xatirələrinə görə heyətdə saxlanılıb.
 
Azad Kərimov da müdafiənin mərkəzində layiqli əvəzedici idi. Yaşını da nəzərə alsaq, perspektivli oyunçudan imtina qəribə görünür. Ucaboy oyunçu bir çox matçlarda etibarlılığı ilə seçilirdi.
 
Ən böyük gözlənilməzlik Kərim Diniyevlə bağlıdı. Hüseynov dayaq yarımüdafiəçisi ola-ola komandanın ən sərrast futbolçusu olan vitse-kapitanı yanında saxlamalıydı. Bəlkə də futbolçunun atasına, sələfi Şahin bəyə görə Hüseynov bu addımı atıb. Lakin peşəkarlıqda belə məqamlara yer yoxdu. Kərim üçün “Keşlə”, “Səbail”, “Sumqayıt” və “Qəbələ” növbəyə dayanıbsa, bu vidanın səbəbini oyunçunun zəifliyində deyil, şəxsi münasibətlərdə axtarmaq lazımdı.
 
Bəs, bu oyunçuları əvəz edənlər kimlərdi? “Zirə”də heyət üzü görməyən Murad Səttarlı, “Keşlə”də heç bir faydalı işi olmayan Samir Zərgərov, “Qəbələ”nin ümid etmədiyi Roman Hüseynov və “Neftçi”də ehtiyatda oturan Tərzin Cahangirov.
 
Aşağı-yuxarı heç biri gedənlərdən yaxşı deyil, hətta çox pisdilər. Murad artıq neçənci klubdur ki, ümidləri doğrultmur, Samir karyerasını 2-3 il əvvəl bitirməliydi, Roman və Tərzin isə ortabab dayaq yarımmüdafiəçiləridi.
 
Yerli oyunçularla bağlı məsələ aydındı. Hazırda boşda qalan səviyyəli biribi tapmaq mümkünsüzdü, ümid qalır legionerlərə. Elə Hüseynovun heyəti bu qədər boşaltmasında da əsas məqsəd əcnəbilərə şərait yaratmaqdı. Axı, unis bəyi dostları və şərikləri olan Qoşqar Hacıyevlə Zaur Ramazanov onun “Kəpəz”ə gəlməsi üçün boşuna çalışmayıblar. Pərdə arxasında müəyyən işlər görülüb, Hüseynovun təyinatı rəsmiləşib, indi isə o, Hacıyevlə Ramazanovun qazanması üçün şərait yaratmalıdı.
 
Adı çəkilən bu iki şəxs “Kəpəz”in bütün transfelərində əsas pay sahibidi və oyunçulara da tapşırırlar ki, keçidlərində onların rolu olduğunu dilə gətirməsinlər. Lakin mətbuata informasiyalar sızır və bu cütlük hazırda Gəncə klubuna əcnəbi axtarırlar. Yeni gələnlərin “Kəpəz”ə hansı yardımı edəcəyi vacib deyil, əsas olan agentlərə nə qədər çox qazandıracaqlarıdı.
 
Gəncə futbolunun taleyi baxımından ən həssas dönəmdi. İndi işlər elə qurulmalıdı ki, komanda sonuncu pillədən qurtulsun, əks halda, diviziona yollanmaq perspektivi qaçılmazdı. AFFA prezidenti də axırıncı mətbuat konfransda son pillənin sahibinin Premyer Liqanı mütləq tərk edəcəyini bəyan etdi. İndi klub rəhbərliyi transferlərə, komanda quruculuğuna ciddi nəzarət etməlidi ki, bu perspektivdən qaça bilsinlər. Hələ rəqiblər əlçatmaz deyil və şans var.
 
FƏRİD
Shares: