Futbol üzrə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubuna transfer olunub.

Futbolinfo.az xəbər verir ki, xeyli müddətdi bu transferlə bağlı danışıqlar aparan klublar nəhayət ki, razılığa gəliblər. Türkiyə mətbuatının yazdığına görə, “Beşiktaş”ın prezidenti Fikrət Ormanla görüşən İngiltərə klubunun rəsmiləri son olaraq 27 milyon avroluq təklif irəli sürüblər. “Qara qartallar” bu təklifi qəbul ediblər və transfer tam həll olunub.

“Everton” transfer məbləğinin 25 milyonunu nəğd ödəyəcək. Qalan 2 milyon avro isə futbolçunun İngiltərədəki performansından asılı olaraq ödənəcək.

Bu axşam Liverpula gedəcək Cenk Tosun, sabah tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Beşiktaş” sözügedən forvardı 3 il öncə “Qaziantep”dən heç bir məbləğ ödəmədən transfer etmişdi. Tosun xüsusilə bu mövsüm UEFA Çempionlar Liqasında vurduğu qollarla özündən söz etdirdi.

Sonda onu da bildirək ki, Cenk Tosunun transferi Türkiyədə yeni rekordla tarixə düşüb. Belə ki, buna qədər Türkiyənin xarici klublara satdığı ən bahalı futbolçusu bu mövsümün əvvəlində İtaliyanın “Roma” klubuna transfer olunan Cengiz Ünder idisə (15 milyon avro), 27 milyonluq Cenk onu arxa plana keçirib.

Shares: