Veteran futbolçu Bəxtiyar Musayev futbolinfo.az saytına açıqlamasında çox maraqlı açıqlamalar verib. Hazırda seleksiyaçı kimi çalışan mütəxəssis millinin sabiq baş məşqçilərindən olan Berti Foqtsu tənqid edib.
 
Musayevin fikrincə, alman məşqçi futbolumuza ən böyük zərbə vuranlardan biridi: “Berti Foqts millinin baş məşqçisi olarkən “Neftçi”də işləyirdim. Arada bizim toplanışlara gəlir, məşqlərə baxırdı. Mən heç vaxt onunla üz-üzə gəlib görüşmədim. O, nəinki primitiv taktikası ilə futbolumuzu uçuruma apardı, həm də daim çörəyimizi yeyə-yeyə millətimizə hörmətsizlik etdi. Bizə yuxarıdan aşağı baxırdı. Hiyləgər adam idi. Foqts həmişə qovulacağını, kompensasiya alacağını düşünərək hərəkət edirdi”.
 
Musayev Foqtsun hiylə işlətdiyini düşünür: “3 tsikl işlədi və hər dəfə eyni şeyə şahid oldum. Əvvəllər məşqçilər yığışıb təqvimi tərtib edirdilər. Bu, təsadüf ola bilməz – Foqts həmişə ən güclü rəqiblərlə oyunların əvvələ salınmasına çalışırdı, mərhələyə zəif rəqiblərlə evdə start verməyimizə qarşı idi, nisbətən zəiflərlə, bir də artıq xala ehtiyac duymayacağı gözlənilən favoritlərlə sonda oynayırdıq.  Təbii ki, seçmə mərhələyə pis başlayırdıq. Belədə qovulmaq variantı müzakirə olunsaydı, Foqtsun qorxusu yox idi, yaxşı kompensasiya alacaqdı, tsiklin sonunda zəiflərlə oyunlar üzündən qazanılan xallardan sonra isə dili uzun olurdu. Hətta futbolu dərindən bilməyən ictimaiyyət nümayəndələrinin də fikri dəyişirdi, hamı növbəti tsikldə daha yaxşı ola biləcəyinə ümid edib, ona dəstək verirdi. Özünə, işinə hörmət etməyən adam idi. Baş katib Elxan Məmmədova da deyirdim ki, bu adam bizi aldadır”.
 
Bəxtiyar bəy “Bəs, Bernard Lippertin 10 ildi bizi aldatdığını niyə başa düşmürlər” sualımıza belə cavab verib: “Nəticələr, faktlar göz qabağındadı. Gərək rəhbər ağıllı olsun, futboldan başı çıxsın ki, ondan da nəsə tələb etsin. Futbolu bilmirsənsə, səni Foqts da aldadacaq, Lippert də. Yəqin AFFA rəhbərliyi hansısa mütəxəssislərlə məsləhətləşir. Gərək həmin məsləhət verənlər də dürüst, vicdanlı adamlar olsun. AFFA rəhbərliyi kimlərlə məsləhətləşibsə də, yekundakı nəticəsizlikdən sonra artıq həmin adamlara etibar etməməlidi. Foqts istədiyini edirdi, komanda 10 nəfərlə müdafiə olunurdu. İyrənc taktika idi, çünki həmişə topla oynayan komanda rəqibə nisbətən daha rahat olur və 90 dəqiqə müdafiə olunursansa, istər-istəməz top buraxacaqsan. Berti isə ancaq kiçik hesablı məğlubiyyəti düşünürdü. Onun nəinki məşqçi, insani keyfiyyətləri də yox idi ki, indiyədək müsahibələrində gic-gic, aşağılayıcı açıqlamalar verir”.
 
Robert Prosineçki ilə bağlı isə Musayev fərqli düşünür: “Doğrusu, onun oynatdığı futbol xoşuma gəlirdi. Amma uşaq futboluna nə dərəcədə diqqət ayırırdı, ümumiyyətlə, ehtiyat qüvvənin hazırlanmasına diqqət yetirirdimi, qabardırdımı? Məncə, yox. Baş katib Elxan Məmmədov da demişdi ki, Prosineçki vahid sistem yaratmaq istəmədi. O, Foqts qədər hiyləgər deyildi. Buna görə də seçmə mərhələnin əvvəlində xallar yığdıq, sonluğu gətirə bilmədi və vidalaşdı”.
Shares: