“Yagelloniya” ilə oyunda səhv elədim. Elə bilirdim bugünkü komanda ilə oynayırıq. Oyunçulara da yükləmə vermişdim. Sonra meydanda bildim ki, rəqibimiz polşalılardı. Onu bəhanə eləmirəm, amma uşaq səhvlərindən qollar buraxdıq. O nəticəyə görə uşaqlarla iclas da keçirdik, dedim ki, belə məğlubiyyət yolverilməzdi”.
Bu açıqlamanı yalnız məsuliyyətsiz, işə barmaqarası münasibət bildirən biriverə bilər. Komanda bir yana, gör, məşqçi özü hansı vəziyyətdə olub ki, yoxlama oyununda üz-üzə gəldikləri rəqibin kimliyini də bilməyib.
“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov hələ sağ olsun ki, qapıya köməkisi Vidadi Rzayevi qoymayıb, meydana 11 nəfəri sayıb buraxa bilib. Həm də “afərin” sözünü eşitməlidi ki, meydana “Yagelloniya”nı yox, “Kəpəz”i çıxarıb. Bu məsiliyyətin yiyəsi özünü Polşa klubunun məşqçisi də hesab edə bilər.
1:8 hesablı məğlubiyyəti şərh etmək üçün gülünc bəhanədən yararlanan Hüseynov, Antalyada bu aqibətlə üzləşən digər komanda – “Neftçi” ilə ilk turun matçında Gəncənin icra başçısı Elmar Vəliyevin adını iştirak ərizəsinə yazsa, təəccüblənmərəm.
İlk baxışdan dodaqqaçıran, sifətdə təbəssüm yaradan açıqlama, bəlkə də zarafat sayıla bilər. Əslində isə bu cümlələr Yunis bəyin necə məsuliyyətsiz davrandığını göstərir. Elə ona görədi ki, hansısa komandada uğur qazanmaq nəsibi olmayıb, “Neftçi”, “Qəbələ” kimi iddialı klubda yox, autsayder “Kəpəz”də çalışır.
Deyək ki, Yunis bəy matçdan öncəki gün özündə olmayıb, başı istirahətə qarışıb, bəs, köməkçilər nə işə baxırmış? İlk büdrəmədəcə Hüseynovun yerinə keçmək üçün AFFA tərəfindən göndərilən Yaşar Vahabzadə hansı məzhəbə qulluq edirmiş?
Ümid edirik, köməkçilər heç olmasa, mövsümün gedişində turnir cədvəlini tez-tez baş məşqçiyə göstərəcək. Yoxsa Yunis bəy sona kim elə biləcək ki, çempionluğa oynayırlar, axırıncı pillədə deyillər. Bir də diviziona düşəndə ayılacaqlar – o zaman isə gec olacaq.
FƏRİD