Milli komandamızın üzvü Riçard Almeydanın “Bursaspor”a gedişi reallaşmayacaq. “Qarabağ” braziliyalı yarımmüdafiəçini buraxmaqdan vaz keçib.
 
Futbolinfo.az xəbər verir ki, Dino Ndlovu və Tarik Elyunussi kimi aparıcı futbolçularını itirən, lakin hələ də transfer etməyən ağdamlılar daha bir liderini əldən vermək istəmir. Yerli oyunçu kimi limitə də yararlı olan Riçard bu səbəbdən ən azı yaya kimi komandada qalacaq.
 
"Bursaspor"un 1,75 milyon avro transfer haqqı təklif etdiyi deyilən oyunçunun satışı yalnız yayda mümkündü. Ağdam klubunun meneceri Asif Əsgərovsa futbol11.az saytına onunla bağlı ümumiyyətlə, müraciət almadıqlarını bildirib: "Almeyda ilə bağlı bizə heç bir klubdan rəsmi təklif gəlməyib. Heç biz özümüz də bu futbolçunu satmağı düşünmürük. O, hazırda "Qarabağ"dadır və karyerasını da bizim klubda davam etdirəcək".
Shares: