Bu gün 40 yaşı tamam olan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə maraqlı müsahibə verib. Futbolinfo.az xəbər verir ki, futbolçu karyerasını vərəqləyən Abasov bir çox məqama toxunub:
– Lap əvvəldən başlayaq. Samir Abasov kimdi?
– Abasov Samir Ramazan oğlu. 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Birinci sinfə orada 4 saylı orta məktəbdə getmişəm. Orta təhsilimi İdman akademiyasının kollecində başa vurmuşam. Ardınca hərbi xidmətə yollanmışam. O dövrdə müharibə şəraitində yaşadığımız üçün hərbi xidmətin müddəti yox idi. Sərhəd Qoşunlarının Cəlilabadda Göytəpə qəsəbəsindəki N saylı hərbi hissəsində 2 il 6 ay müddətində hərbi xidmət keçmişəm.
– Bəs futbola gəlişiniz necə baş tutdu?
– Uşaq yaşlarımdan futbola böyük həvəsim olub. Sinif yoldaşlarımdan Elçin və Ruslan o zaman Sumqayıtda futbola yazılmışdılar. Onlara qoşulmaq istəyimi tez-tez valideynlərimə bildirirdim. İlk vaxtlarda evdə bu istəyimə etiraz etsələr də, çoxsaylı təkidlərimdən sonra məni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda futbola yazdırdılar. O vaxt 10 yaşım var idi. İlk məşqçim dünyasını dəyişmiş Tofiq Rzayev və hazırda klubumuzda çalışan Ağamusa Bağırov olub. Həqiqətən mənim bu səviyyəyə gəlib çatmağımda həmin şəxslərin danılmaz əməyi olub. Allah Tofiq Rzayevə rəhmət etsin. 16 yaşımda isə Sabir Əliyev məni “Xəzər Sumqayıt” komandasına dəvət etdi. Hərbi xidmətdə olduğum zaman Tofiq müəllimin səyi nəticəsində Masallının "Viləş" komandasının baş məşqçisi Qəhraman Əliyev tərəfindən bu komandaya cəlb olundum. Oyunlarda iştirak etdim və bəyənilmişdim. Əfsuslar olsun ki, o zaman əsgər olduğum üçün səfər oyunlarına gedə bilmirdim və buna görə "Viləş" karyeram baş tutmadı. Əsgərliyin sonuna kimi futbolsuz qaldım. Hərbi xidmətdən gələn kimi isə istirahət etmədən o vaxt yeni yaranmış "Neftqaz" komandasına baxışa gəldim. İlk günlər fiziki məşqlər olduğu üçün buna tab gətirə bilmədim və ayrılmağa qərar verdim. İki həftə sonra bu komandanın baş məşqçisi tərəfindən yoxlama oyunlarına çağırıldım. İlk oyun Fərrux İsmayılov, Yaşar Vahabzadə, Seymur Rəhimov kimi futbolçuların yer aldığı "Dinamo"ya qarşı oldu. Bu matçda özümü yaxşı tərəfdən göstərməyi bacardım və komandada qaldım. Təxminən 6 ay sonra Əsgər Abdullayev məni "Şəfa"ya dəvət etdi. Burada oynadığım zaman Abdullayev milli komandanın baş məşqçisi idi. 21 yaşım olanda A milliyə dəvət aldım və Bolqarıstanda təlim-məşq toplanışına yollandım. Çox təəssüf ki, orada çox ciddi zədə aldım və ayaq əzələmdə çarpaz bağlar qopdu.
– O zaman üçün bu zədə olduqca ağır idi. Necə oldu ki, sağalıb yenidən futbola qayıtdınız?
– Bolqarıstandan qayıtdıqdan dərhal sonra əməliyyat olundum. Bakıda əməliyyatım uğuruz alındığı üçün sonra məni Moskvaya göndərdilər. O zamanlar çətin dövr olduğu üçün bərpa olunmaq çox çətin idi. Lakin öz üzərimdə səylə çalışıb həkimlərin qoyduğu müddətdən də erkən sağaldım. Demək olar, ilyarım futbolsuz qaldım. Sağaldıqdan sonra "Şəfa"da əsas heyətə düşə bilməyəcəyimi hiss etdim. Bu səbəbdən rəhbərliyə bildirdim ki, məni yüksək liqada yeni çıxış edən Qusarın "Şahdağ" klubuna icarəyə versinlər. Belə də oldu və 6 ay Qusarda top qovdum. Bu müddətdə özümü yaxşı tərəfdən göstərdim və "Neftçi"yə dəvət aldım. "Şahdağ" mənim üçün tramplin rolunu oynadı, desəm yanılmaram. "Şəfa"da yüksək liqada çıxış etsəm də, demək olar, böyük futbola məhz "Neftçi" ilə qədəm qoydum. İlk il məlum səbəbdən ölkədə futbol yox idi. Bir il sonra isə Qurban Qurbanov, Emin Quliyev, Rəşad Sadıqov, Mahmud Qurbanov kimi futbolçular "Neftçi"yə qoşuldu və həmin il qızıl dubl etməklə böyük uğura imza atdıq.
– İlk rəsmi oyununuzu xatırlayırsınızmı?
– Bunu heç vaxt unuda bilmərəm. 16 yaşım olarkən Sumqayıt "Xəzər"ində böyük futbola qədəm qoymuşam. Unutmaram o günü, kasıb dövrlərimiz idi. Buna baxmayaraq, komandaya xaricdən formalar və yeni butslar gətirilmişdi. Buzovnada "Xəzri"yə qarşı oyuna çıxdım, çox pis oynadıq və 0:5 hesabı ilə məğlub olduq. Bu matç niyə yadımdan çıxmayacaq, sizə deyim. Həmin qarşılaşmada künc zərbəsi zamanı qol vurmaq üçün rəqibin cərimə meydançasına getdim. "Xəzri"də İlham adlı futbolçu bilərəkdən ayağımı tapdaladı və birinci dəfə geyindiyim idman ayaqqabısı parçalandı. İlk rəsmi oyun olsun, təzə buts geyinəsən və birinci oyunda cırılsın, indi görün, o anda nə hisslər keçirmişəm.
– Karyeranızı xaricdə davam etdirmək imkanınız olubmu?
– Düzü, ölkə xaricindən real təklif almamışam. Sadəcə Berti Foqtsun dövründə Rusiya ilə oyundan sonra almaniyalı baş məşqçi məndən xaricdə oynaya biləcəyimlə bağlı bir-iki kəlmə soruşdu. Açığı, həmin qarşılaşmada məğlub olsaq da, pis oynamamışdım. O vaxt 29 yaşım var idi. Buna baxmayaraq, xaricdə çıxış etmək istədiyimi bildirmişdim. Lakin sonra real bir şey çıxmadı. Üstündən bir müddət keçəndən sonra tərcüməçi Aydından bu məsələ ilə bağlı soruşdum. O da Yunanıstandan mənimlə maraqlandıqlarını desə də, real təklif olmadığı üçün bu məsələ birdəfəlik bağlandı.
– Karyeranızın böyük hissəsini 2 dəfə ölkə çempionu olduğunuz "İnter", həmçinin "Qarabağ" və "Sumqayıt"da keçirmisiz. Bu klublardan hansını özünüzə doğma sayırsınız?
– Oynadığım klubların hamısı mənim üçün doğma olub. Lakin "İnter"dəki uğurlu karyeram – iki çempionluq və bir gümüş medal, həmçinin bu klubdakı kapitanlıq daha yadda qalan olub. Deməzdim ki, "Qarabağ" karyeram uğursuz alınıb. Bu belə deyil. Sadəcə olaraq, Ağdam təmsilçisinə 3-cü gəlişimi uğursuz adlandırmalıyam. Bunun bir çox səbəbi var. Çünki həmin dövrdə milli komandanın uğursuz çıxışı və bir təcrübəli futbolçu kimi tənqid olunmağım üzərimdəki təzyiqləri artırmışdı. Hər zaman belə olub, uğursuzluq zamanı daha çox təcrübəli futbolçular əziyyət çəkir, tənqid olunur, məhz yaşlılar təzyiq altında qalır. "Qarabağ"a 3-cü qayıdışım zamanı nəticələr uğursuz deyildi. Avropa Liqasında 3 mərhələ keçdik və həlledici mərhələdə Dortmund "Borussiya"sına məğlub olduq. Lakin dediyim kimi, milli komandanın oyunları ilə əlaqədar mətbuatın üstümə gəlməsi, ümumi təzyiqlər oyunuma mənfi təsirini göstərdi. Məhz bu təzyiqlərin nəticəsində toparlana bilmədim, hətta ilin tamamında karyeramı başa vurmaq haqqında düşünməyə başladım.

– 2007-ci ildə Azərbaycan milli komandasının Finlandiyaya 1:0 hesabı ilə qalib gəldiyi matçın iştirakçısı olmusunuz. Ümumiyyətlə, millinin heyətində ən yadda qalan oyununuz hansı olub?
– Milli komandanın heyətində 48 rəsmi oyunda meydana çıxmışam. Almaniya millisinə 0:2 hesabı ilə məğlub olduğumuz oyun və Vaqif Cavadovun qolu ilə Rusiya ilə 1:1 etdiyimiz qarşılaşma yaddaşımdan silinməyəcək. Lakin qeyd etdiyiniz kimi, Finlandiya üzərindəki qələbə milli karyeramın pik nöqtəsidir, desəm yalan olmaz. Məhz bu oyundan sonra azarkeşlərin bizi, sanki, dünya çempionu olmuşuq kimi qəbul etməsi çox gözəl hiss idi. Bu oyuna komanda olaraq çox ciddi hazırlaşmışdıq. Bizim üçün ölüm-dirim görüşü idi. Bu oyuna qədər çox tənqid olunurduq. Hətta Finlandiya ilə qarşılaşmadan əvvəl səfərdə Polşaya böyükhesabla məğlub olmuşduq. Bu məğlubiyyətdən sonra bəzi azarkeşlər tərəfindən təhqir belə olunurduq. Məhz bu təzyiqlərin müqabilində qələbə qazandığımız zaman, sözlə ifadə edə bilməyəcəyimiz, sevinc hissləri keçirdik.

– "Biz sübut etdik ki, oynaya bilirik". Bu açıqlamanız yadınızdadırmı?
– Xeyr.
– Bu sözləri məhz Finlandiya üzərindəki qələbədən sonra Samir Abasov jurnalistlərə açıqlamasında demişdi…
– İllər keçib, həqiqətən xatırlamıram.
– Müdafiəçi və "9 nömrə"li forma. Bunun hər hansı bir anlamı varmı?
– Vallah heç bir anlamı yoxdu. Bu barədə əvvəllər də soruşan olub demişəm. O zaman indiki kimi şərait yox idi. İndi futbolçu istənilən nömrəni seçib formanın arxasına yazdıra bilir. O vaxt bu sahədə problemlər var idi. Millidə oynadığım zaman bədən ölçüm böyük idi və inzibatçıdan əynimə dar olmayan forma istədim. Ən böyük forma ölçü etibarı ilə “9 nömrə” idi. Bununla da "9 nömrə"nin tarixçəsi başladı. Hətta bir dəfə Murad Ağakişiyev bu formanı məndən istədi, etiraz etmədim. Lakin yenə böyük ölçü məhz bu geyimdə olduğu üçün məndə qalası oldu. Bundan sonra da elə “9 nömrə”li formada oynamağa davam etdim.
– Beynəlxalq oyunlarda qarşılaşdığınız hansı hücumçuları müsbət mənada fərqləndirə bilərsiniz?
– Kriştianu Ronaldo, Yari Litmanen kimi futbolçulara qarşı çıxış etmişəm. Lakin mənə boyu balaca olan futbolçulara qarşı oynamaq hər zaman çətin olub. Dəqiq ili xatırlamıram, Berti Foqtsun vaxtında Dubayda məşq toplanışı zamanı Xarkov "Metalist"inə qarşı yoxlama oyunu zamanı hazırda "Şaxtyor"da top qovan Tayson Freda çıxış edirdi. Bu futbolçu 90 dəqiqə oyun ərzində, sözün həqiqi mənasında, başıma oyun açdı.
– Azərbaycan millisində birlikdə oynadığınız futbolçulardan ibarət rəmzi “onbirliy”i necə qurardınız?
– Kamran Ağayev, Mahir Şükürov, Rəşad Sadıqov, Tərlan Əhmədov, Kamal Quliyev, Emin Quliyev, Aqil Məmmədov, Samir Abasov, Zaur Tağızadə, Mahmud Qurbanov, Samir Əliyev.
– Bəs baş məşqçi?
– Milli komandada Coko Hacıyevski, Karlos Alberto Torres, Şahin Diniyev və Berti Foqtsla işləmişəm. Gəlin, bu vəzifəni boş saxlayaq (gülür).
– Karyeranızda o qədər də çox qol vurmamısınız. Ən yadda qalan qolunuz hansıdı?
– Ümumi götürsəm, 10-dan çox qol çox vurmuşam. Lakin "İnter"in heyətində Quzanlıda uzaq məsafədən "Qarabağ"a vurduğum qol və 2004-cü ildə Azərbaycan kubokunun finalında "Neftçi"yə qələbə qazandırdığım qol yaddaşımdan silinməyəcək.
– Samir Abasov nə zaman məşqçi olmağa qərar verdi?
– Mənim tipli oyunçuların çoxu məşqçi olur. Yaxşı məşqçi olacaqsan, yaxud yox, bunu zaman göstərir. İşlərin gedişi vadar etdi ki, məşqçi olum. Çıxış etdiyim bütün klublarda məşqçilər tərəfdən mənə olan tələblər başqa idi. Oyunun gedişində, fasilədə paltardəyişmə otağında komanda yoldaşlarına nəyisə deyirsənsə, bu artıq məşqçilikdir.
– Məşqçi Samir Abasov futbolçu Samir Abasovu bəyənərdimi?
– Yüzdə yüz bəyənməzdi. Amma oynatmağa qalsa, çox şeyi dəyişib futbolçu kimi yararlanardım. Milliyə gələn məşqçilərin həmişə siyahısında olmaq, ölkənin adlı-sanlı klublarından təklif almaq futbolda olan hörmətimdən irəli gəlirdi. Ona rəğmən öz oyunumu bəyənməmişəm.. Ancaq buna da bir bəhanəm var ki, həmin dövrlərin futbolu başqa idi.
– Məşqçilik bacarığını bəyəndiyiniz, örnək götürdüyünüz yerli və ya əcnəbi mütəxəssis varmı?
– Qurban Qurbanovun adını çəkərdim. Onun işi göz qabağındadır. Qurbanovun duruşunu, səbrini vurğulayardım ki, bu da komandaya bilavasitə kömək edən ən vacib amildir. Onun səbri, kənarda və komandasının daxilində özünü aparmağı örnək alınası haldır. Azərbaycana gəlmiş-getmiş ən bəyəndiyim əcnəbi məşqçi isə Kaxaber Sxadadze olub. Onun işi göz qabağında idi və deyərdim ki, məşqçilikdə mənim üçün böyük məktəb olub.
– Futbolçu olduğunuz dövrdə "Sumqayıt"ın sabiq məşqçisi Berhard Raab haqqında ağız dolusu danışırdınız…
– Raabın işini, həqiqətən, çox bəyənirdim. Məşqçi var ki, meydandakı işini bəyənirsən, məşqçi də var ki, metodikasını. Raabın məhz metodikasına söz ola bilməzdi. Almaniyalı mütəxəssis akademiyanın qurulmasında, gənc oyunçularla işləməkdə, bildiklərini gənc futbolçulara aşılamaqda peşəkar idi. Lakin tələbkarlıq baxımından geri qalırdı. Dəfələrlə ona daha tələbkar olmağını məsləhət görürdüm. O vaxt bizim komanda gənclərdən ibarət olduğundan o öz metodu ilə işləyirdi. Raab həm gözəl insan, həm də gözəl məşqçi idi.
– Bəyəndiyiniz 5 əcnəbi məşqçinin adını çəkərdiniz.
– Yürgen Klopp, Massimiliano Alleqri, Pep Quardiola, Joze Mourinyo və Dieqo Simeone. Simeonenin xüsusi bir keyfiyyəti var ki, komandasında olan bütün ulduz futbolçuları öz prinsipinə uyğunlaşdırır. Bu argentinalı mütəxəssisin uğur qazanmasında, məncə, başlıca səbəbdir.
– Məşqçilik karyeranızda əsas hədəfiniz nədi? Ölkə xaricində hansı komandanı çalışdırmaq arzusundasınız?
– Türkiyənin 1-ci liqasında çalışmaq istərdim. Orada yüksək səviyyəli mübarizə gedir, özüm də izləyirəm. Düşünürəm ki, Türkiyə 1-ci liqası tramplin ola bilər və sonra öz işimlə yüksəlməyə çalışaram.
– Bir cümlə ilə özünüzü necə xarakterizə edərdiniz?
– Ailəcanlı, işinə sadiq, daim işləməkdən zövq alan ailə başçısı.
– Çox sərt mütəxəssis kimi tanınan Samir Abasov evdə də belə sərtdimi?
– Bəli. Futbolda necə görürsünüzsə, evdə də övladlarıma qarşı beləyəm. Bilmirəm, bu yaxşıdır, yaxud pis, amma reallıq odur ki, qızım yeganə varlıqdı ki, onun yanında sakitlik tapıram.
– Çılğınlıqla soyuqqanlılıq bir arada necə alınır?
– Əvvələ baxanda çılğınlığım xeyli azalıb. Yavaş-yavaş soyuqqanlılığa doğru gedirəm. İnanıram ki, nə vaxtsa düzələcək.
– Azərbaycan futbolunda çox kəskin şəkildə fikir deyən az mütəxəssislərdənsiniz. Hərdən peşman olmursunuz ki, gərək belə yox, biraz yumşaq deyərdim?
– Şükürlər olsun ki, bu vaxta qədər peşman olacağım açıqlama verməmişəm. Bəlkə də peşman olmaq üçün bir səbəb də olmayıb. Bəzən futbolçularıma qarşı da kəskin etirazımı bildirmişəm. Milliyə çağırılmayan oyunçular haqqında, futbolçularımın qeyri-sabit oyun göstərməsi haqqında media tərəfindən suallar ünvanlanıb. Verdiyim cavablarda problem yaşamamışam deyə, sonu peşmançılığa gəlib çıxmayıb. Açıqlamalarımla xətrinə dəydiyim insanlar olubsa da, müəyyən müddət sonra başa düşürlər ki, çox şeyi düz demişəm.
– Övladlarınıza vaxt ayıra bilirsinizmi?
– Çalışıram ki, bacardığım qədər vaxt ayırım. Çünki gələcəkdə bunun da fəsadları ola bilər. Müəyyən günlər olur ki, sırf ailəmə vaxt ayırıram. Təyin edirik ki, bu müddətdə filan şeyləri edəcəyik. Bəzən elə olur, ailənlə vaxt keçirəndə də komandanı fikirləşirsən. Ümid edirəm ki, bu açıqlamamı ailəmdən kimsə oxumaz (gülür).
– Oğlunuz Orxan hazırda futbolla məşğul olur, hətta hər məşqini izləyirsiniz. Onun qapıçı olmağını istəyirsiniz?
– İlk növbədə vətənə xeyirli səxsiyyət olmasını istəyirəm. Futbola uşaqlıqdan marağı var. Futbolçu olmasının əleyhinə olmamışam. Əlbəttə istəyərdim ki, böyük futbolçu olsun. Lakin bunu zaman göstərəcək. Məsələn, o zaman futbol qrupları illərlə hesablanırdı. Bizdə 1978-ci il təvəllüdlü futbolçuların qrupunda 25-30 futbolçu var idi. Amma sonda bu qrupdan yalnız mən böyük futbolda qaldım. Orxanın qapıçı olacağına zəmanət verə bilmərəm, amma dediyim kimi, istərdim ki onu böyük futbolda görüm. Hətta ara-sıra xəyal da edirəm, o rəsmi oyuna çıxsın, mən də gedib tribunadan onun oyununa baxım.
– Bağbanlıq hobbinizdi. Daim çalışan Samir Abasov bu işi hobbi hesab etsə də, təbiətlə məşğul olmağa zaman ayıra bilirmi?
– Təbiəti çox sevirəm. Mənim bağımda səliqəsizlik yalnız təlim-məşq toplanışından gələn zaman olur. Dediyim odur ki, hər gün bu işlə məşğul oluram. Rahatçılığı məhz bağımda tapıram.
– Gəlin, razılaşaq ki, futbolçu olduğunuz dövrdə daha çox tənqid olunurdunuz. Bu sizə necə təsir edirdi?
– Klubdakı tənqidlərə o qədər də fikir vermirdim. Çünki oynadığım komandalarda daim uğur qazandığım üçün bunun o qədər də önəmi olmurdu. Lakin millidəki tənqidlər mənə həddindən artıq pis təsir edirdi. Bəzən yazılanların sifariş olduğunu hiss edirdim. Almaniya ilə oyundan sonra Yoaxim Löv bizim komandadan Vaqif Cavadovla məni fərqləndirmişdi. Məhz bu açıqlamadan sonra bəziləri Lövü savadsızlıqda ittiham etdi. Amma o, Almaniya ilə dünya çempionluğunu qazandı. Açığı, millinin hər məğlubiyyəti zamanı ən çox mənim tənqid olunmağımı anlaya bilmirdim. Ara-sıra mətbuatda "Berti Foqtsun sevimlisi" kimi qələmə verilirdim. Bəlkə də bu məsələdə Foqts amili başlıca səbəb idi. Əgər baş məşqçini tənqid edirsənsə, onun yaxın bildiyi futbolçunu da tənqid etməlisən. Məhz bütün bunlar, əvvəldə dediyim kimi, "Qarabağ"a 3-cü qayıdışıma təsadüf etdi ki, bu da karyeramın sonunu yaxınlaşdırdı.
– "Sumqayıt" klubuna gəlişiniz necə baş tutdu?
– 2011-ci ilin iyun ayında klubumuzun prezidenti Kamran Quliyev zəng edib məni dəvət etdi və şəhərin komandasının köməyimə ehtiyacı olduğunu dedi. Doğulub boya-başa çatdığım şəhərin komandasında yenidən çıxış etməyi canla-başla qəbul etdim.
– Bu klub sizin üçün nə deməkdi?
– “Sumqayıt”a gəlməyim Allahın qisməti idi. Tanrıya min şükürlər olsun ki, belə gətirdi. Bu ailənin bir parçası olduğuma görə xoşbəxtəm. Futbolçu kimi gənclərlə oynadım, kimlərəsə örnək oldum, indi isə məşqçi kimi bu klubun uğurları üçün çalışıram. Sözün həqiqi mənasında, Sumqayıt mənim həyatımdır. Başqa klublarda uğur da qazanmışam, hətta paytaxtda evim də var, amma mən bu şəhərlə nəfəs alıram. Sumqayıt mənim üçün hər şey deməkdi.
– Samir Abasovun baş məşqçisi olduğu "Sumqayıt" FK Azərbaycan futboluna nə verib?
– "Sumqayıt" arxada qalan 7 ildə Azərbaycan futboluna çox şey verib. Bildiyiniz kimi, uzun müddət bu şəhərdə futbol olmadı. Məhz biz bu komanda ilə yenidən şəhər ictimaiyyətinin rəğbətini qazandıq. İlk illərdə uğursuz nəticələrə baxmayaraq, gənc futbolçulara görə sevildik. Bu 7 il ərzində milli komandalar üçün kifayət qədər futbolçu yetişdirdik. A milli komandamızda çıxış edən bir neçə futbolçu məhz "Sumqayıt"dakı çıxışı ilə təcrübə qazanıb buralara gəlib çıxıb. Bəziləri bu klubdakı uğurlu çıxışı ilə böyük klublarımıza transfer olunub. Bu gün Sumqayıtda futbolu həmişəkindən də artıq sevirlər. Hər oyunumuz dolu tribunalar qarşısında keçir.
– Bir az primitiv səslənsə də, hansı uğuru qazansanız "Sumqayıt"dakı missiyanızı bitmiş hesab edəcəksiniz?
– Belə deyim. Avropa Liqasına düşəcəyimiz və qitənin hansısa komandasını Sumqayıta gətirəcəyimiz gün bu missiyaya başlamış olacayıq.
– Sonda, 40 yaşında özünüzə nə arzulayırsınız?
– Yalnız və yalnız Avropa Liqasına vəsiqə qazanmağı arzulayıram.
Shares: