Növbəti dəfə Azərbaycan kuboku uğrunda final matçı mayın 28-də baş tutmayacaq. Qırğızıstan millisi ilə həmin ayın 29-na təyin olunan matça görə titul savaşı fərqli gündə reallaşacaq.
 
Prinsipcə, final matçının məhz mayın 28-də baş tutması ən önəmli məqam deyil. Ölkə futbolunda böyük pulların dövr etdiyi, Berti Foqtsun hər cür hoqqadan çıxdığı zamanlarda da Respublika Günü bayrama çevrilmirdi. Amma məhz bu il matçın həmin tarixə salınmaması söz-söhbət doğurur ki, bunun da səbəbi var. Cümhuriyyətin 100-cü ildönümündə mayın 28-i daha təmtəraqlı olmalıdı.
 
Əslində, bir futbol matçı Məmməd Əmin Rəsulzadənin heykəli olmadığı, adının çəkilməsi belə qəbahət bilinən ölkədə ən vacib hadisə deyil. Lakin bunları unutmuşuqsa, vətənpərvərlik damarımız bircə final oyunu ilə bağlı tutubsa, deyiləcək çox söz qalmır.
 
Milli komandamızın qırğızlarla matçını Qurban Qurbanov istəyib. AFFA rəsmiləri bu məsələdə yaxasını kənara çəkib, baş məşqçini səbəbkar kimi göstərirlər. Olsun, amma dəqiqləşdirək: bu oyun bizə lazımdımı?
 
Bakıda keçiriləcək oyun sıravi azarkeşə heç nə verməyəcək. Xüsusilə Qırğızıstan kimi zəif rəqiblə oyun vacib deyil. Lakin bir neçə ay sonra Qurbanovu topa tutub, ondan nəticə istəyəcəyiksə, komandanı formalaşdırmaq üçün ona mümkün olan hər şərait yaradılmalıdı. Milli komandamızın bu qədər sınaq matçının əvvəlcədən bəlli olması, onların əksəriyyətinin Bakıya salınmasını axırıncı dəfə nə vaxt gördüyümü xatırlamıram. Hiss olunur ki, Qurban bəy bu işdə maraqlıdı və o, Millətlər Liqasının startına kimi yeni komandasını formalaşdırmaq, bütün namizədləri sınaqdan keçirmək istəyir. Sabah qrupdan lider kimi çıxmağını istəyəcəyiksə, ona bu imkan tanınmalıdı.
 
Kubokun finalının qırğızlarla oyuna görə başqa tarixə keçirilməsi qıcıq doğurur. Qurbanovun istəyidi və tənqidlər də ona ünvanlanıb. Lakin həm millinin planlarının pozulmaması, həm də yubiley ilində Respublika Gününün futbol bayramıyla yadda qalması üçün şans var: finalı yenə də 28-nə salmaq mümkündü.
 
Onsuz da yığmanın özəyini təşkil edən “Qarabağ” finalda yoxdu və milliyə ən çox oyunçu verən digər 2 klubdan – “Neftçi”ylə “Qəbələ”dən biri yarımfinalda ələnəcək. Qurbanovun həmin klubun oyunçularını sınamaq üçün kifayət qədər şansı olacaq. Deməli, finalçıların üzvlərindən imtina etməklə də millinin matçını keçirmək olar. Millətlər Liqasındakı rəqiblərimizə uyğun rəqib kimi seçilən qırğızlarla matçda bütün milli üzvlərinin oynaması heç də vacib deyil.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp