1-2 saat içində 2 istefa, 1 təyinat reallaşırsa, bu, artıq təsadüf deyil. Belə hadisələr düşünülmüş ssenarinin nəticəsi sayılmalıdı. Kabinetlərdə verilən qərarlır məhz belə olur.
 
Orxan Hüseynzadənin getməsi labüd idi. Çünki “Neftçi” onun ağırlığını daşıya biləcəyi klub deyildi, bu qədər davam gətirməsi, güvənilməsi də möcüzə sayılmalıdı. Faktiki klub menecerlər, məşqçilər və vitse-prezident tərəfindən idarə edilirdi. Barmaqlar yumruğa çevrilməyəndə isə sillə şəklində adamın özünə dəyir.
 
Bəs, Kamran Quliyev bu posta layiqdimi? “Sumqayıt”dakı işinə baxsaq, “yox” deməliyik. Baxmayaraq ki, 10 ildi vəzifədədi, zənnimcə, sıravi icraçıdan fərqlənməyib.  “Neftçi” daha yüksək “level”di, daha ciddi büdcə, nəzarət və təzyiqlər var. Bu ağırlığı qaldırmaq üçün potensial varmı? Zaman göstərəcək. İstənilən halda, Quliyevin ilk addımlarını, islahata haradan başlayacağını gözləməliyik. Əks halda, qərəzli olarıq. Bəlkə “Sumqayıt” həqiqətən də onun əl-qol açması, bacarığını göstərmək üçün kiçik səhnə imiş?
 
Bu təyinatla “Neftçi”nin AFFA-nın baş katibi Elxan Məmmədovun idarəçiliyinə keçməsi prosesi yekunlaşdı. Artıq prezident postunda məhz Məmmədovun güvəndiyi adamdı. Son 2 ildə müxtəlif şəxslər paytaxt klubuna gəlib-getsə də, yalnız indi baş katibin tam qələbə qazandığını deyə bilərik. Dostluqlarını heç biri inkar etmir, Quliyev müəlliminə sadiqliyini dəfələrlə göstərib, Məmmədovun kadrı olduğunu heç vaxt danmayıb.
 
İndi “Neftçi”də yeni dönəm başlayır. Amma cərəyanlar eynidi. Burada baş katibin adamı da var, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də, təsisçilərin də. Onlar bu təyinat öncəsi birləşibmi, piroqu bölüşdürübmü, razılaşıbmı – bütün bunlar zamanla aydınlaşacaq. Sirr deyil ki, klub daxilində birlik olmasa, hansısa uğurdan danışmaq mümkünsüzdü. Ümid edirik, təsisçilər bu amilləri nəzərə alıb.
 
Amma əsas yanlışlıq təyinatın məhz bu gün reallaşmasıdı. “Sumqayıt” – “Neftçi” öncəsi reallaşan yerdəyişmə matşın nəticəsini şübhə altına salacaq. Bakılılar hətta halal qələbə qazansa da, bu, söz-söhbətə səbəb olacaq. Zənnimizcə, bu, taktiki gedişlərdə ciddi səhvdi. Görünür, hadisələrin istiqaməti təcili addım atmağı şərtləndirib, yoxsa Məmmədov bunu nəzərə alacaq qədər ağıllı diplomatdı.
 
FƏRİD
Shares: