Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la oyunu “Neftçi” üçün yeni prezidentin idarəçiliyi altında ilk matç kimi tarixə düşəcək.

Futbolinfo.az xəbər verir ki, bu gün klubun rəhbəri vəzifəsində Orxan Hüseynzadəni əvəzləyən Kamran Quliyevin debütü sabiq komandasına qarşı olacaq.

 
Elə bu gün “Sumqayıt”ın prezidenti postundan istefa verən Quliyev yeni komandası ilə şəhər stadionuna qonaq qismində çıxacaq. 1937-ci ildə yaranan, amma 1988-ci ildə peşəkar futbol klubuna çevrilən “Neftçi”nin əvvəlki rəhbərlərinin debütündə hansı nəticələrə imza atması maraqlıdı.
 
Son 30 ildə “Neftçi”ni 7 prezident, bir dəfə isə Müşahidə Şurası idarə edib. Həmin 8 debütə baxsaq, “Neftçi” üç (Rövnəq Abdullayev, Əkbər Hacıyev, Müşahidə Şurası) qələbə qazanıb, iki (Ramiz Mirzəyev, Sadıq Sadıqov) heç-heçə edib, üç (Aydın İbrahimov, Aqil Paşayev, Orxan Hüseynzadə) məğlubiyyət alıb.
 
1. Aydın İbrahimov 
İlk prezidentin debütü SSRİ kubokuna təsadüf edib. 1989-cu il martın 7-də Bakının qonağı olan Minsk “Dinamo”su ölkə kubokunun 1/8 final mərhələsinin cavab matçında İbrahimovun debütünü iki cavabsız qolla korlayıb – 0:2.
2. Aqil Paşayev
1997-ci ilin iyulunda “Neftçi” Çempionlar Liqasında debüt edib. Prezidentin debütü də Bakıda gerçəkləşib. İyulun 23-də keçirilən matçda Polşanın “Vidzev” klubu da Minsk təmsilçisi kimi yeni prezidentin “siftə”sini 0:2 ilə korlayıb.
3. Ramiz Mirzəyev
2001-ci ildə UEFA kubokunda gerçəkləşən “siftə” yenə Bakıda baş tutdu. Paytaxt təmsilçisinin Sloveniyanın “HİT-Qoritsa” klubu ilə avqustun 9-dakı matçda bakılılar qol vura bilməsə də, öz qapısını da toxunulmaz saxladı – 0:0.
4. Rövnəq Abdullayev
2004-cü il martın 13-ü nəhayət ki, “Neftçi” prezidenti qələbəli debüt gördü. “Qarabağ-Azərsun”la çox vacib səfər oyununda paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gəldi.
5. Əkbər Hacıyev
2008-ci il martın 15 bakılılar səfərdə “İnter”lə çox əhəmiyyətli çempionat matçına çıxıb. “Ağ-qaralar” ardıcıl ikinci dəfə prezidentinə qələbə bəxş edib – 2:0.
6. Sadıq Sadıqov
2009-cu il dekabrın 26-da “Simurq”la qarşılaşıb. Bakılılar əyalət klubunun müqavimətini qıra bilməyib – 0:0.
 
7. Müşahidə Şurası
2015-ci il aprelin 1-dəki rəqib “Bakı” olub. “Ağ-qaralar” yeni üsuli-idarəni qələbə ilə sevindirib – 2:0.
 
8. Orxan Hüseynzadə
2017-ci il avqustun 11-də “Qarabağ”la ev oyunu uğursuz alınıb. Böyükhesablı məğlubiyyətdən son dəqiqədə qaçan bakılılar 1:3 hesabı ilə uduzub. (Apasport)
Shares: