Orxan Hüseynzadənin qəfil gedişi və onu yerinə "Sumqayıt”ın prezidenti Kamran Quliyevin gətirilməsi hər kəsi təəccübləndirib.

Futbolinfo.az xəbər verir ki, hələ dünəndən bu yerdəyişməyə hazırlıq görülübmüş. Sadəcə, AFFA-nın baş katibi daha yuxarı dairələrlə məsləhətləşmələr aparıb, onların razılığını gözləyirmiş.
 
"Neftçi”də aranın qarışmasına, "Sumqayıt”la oyun ərəfəsində məhz rəqib komandanın prezidentinin rəhbərliyə gətirilməsininə zərurətin yaranmasına klubu gözləyən ciddi yoxlamaların səbəb olduğu deyil. Əsas münaqişə isə məhz  kolumbiyalı futbolçu Mayk Kampasın sənədlərində problem yaranmasından sonra başlayıb. Əslində, Kampasın sənədində problem yoxdu, bu futbolçunun keçidi sponsorlar tərəfindən dondurulub.

Məsələ ondadı ki, Kampas əvvəlcə əcnəbi bir menecerin və onun azərbaycanlı tərəfdaşının vasitəsiylə "Neftçi”nin düşərgəsinə gətirilib. Baş məşqçi Tərlan Əhmədov da həmin mövqeyə əcnəbi futbolçunun transfer edilməsinin zəruriliyini rəhbərliyə bildiribmiş. İlk gəlişində kolumbiyalı "Neftçi”yə 70 min dollara təklif olunub. Amma ilk yoxlanışdan sonra "Bəyənilmədi” deyilib və futbolçu düşərgədən ayrılıb. Çox keçmədən eyni futbolçu bu dəfə Kamil Məmmədov tərəfindən "Neftçi”yə gətirilib və onun transferi bu dəfə 100 min dollara razılaşdırılıb. Tərlan Əhmədovun da bu keçidə "Hə” deməsi ortalığı qarışdırıb.

Baş verən müəmma isə dərhal Bakıya çatdırılıb və kluba pul ayıran sponsorlar hadisələri incələməyə, yoxlamalara başlamağa qərar veriblər.
 
Görünən odu ki, "Neftçi”də hələ daha başqa təlatümlər olacaq. Kampasın gəlişi "Neftçi”ni kompassız gəmiyə çevirib.

Bu məsələlərlə bağlı "Neftçi”dən rəsmi mövqe öyrənmək istərdik. Amma bilirik ki, indi klubda hər kəs öz canının hayındadı. Elə dünən də klubdan Mayk Kampasın keçidindəki problemlərlə bağlı heç nə öyrənə bilmədik. Yenə də kluba tribuna verməyə hazır olduğumuzu bildiririk.

Sport7.az

Shares: