İkisi də Premyer Liqada, ikisi də ən üst səviyyədə, ikisi də AFFA-ya aid klubda! Bunlar təsadüfi deyil.
 
Öncə “Neftçi”nin rəsmi saytı məlumat yaydı ki, klubun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
 
O, bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Hüseynzadənin istefası qəbul olunub. “Neftçi” PFK Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Eyni məzmunda daha bir istefa xəbəri «Sumqayıt»dan gəldi. «Kimyaçılar»ın rəsmi saytı rəhbərinin iş yerini tərk etməsini bəyanladı, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər dilədi.
«Bunlar olacaq işlər deyil» deməyin. Proses zəncirvaridi. Quliyevi bundan sonra «Neftçi»nin başında görəcəyik. Ondan əvvəl aydınlaşdıraq ki, Hüseynzadə niyə getdi? Və ya getməli idimi?
O, klubdaxili və klubətrafı çəkişmələrin oduna yandı. 2016-cı ilin sentyabrında «Neftçi»də icraçı direktor olaraq görəv alan AFFA Beynəlxalq Əlaqələr Departamentinin keçmiş rəisi ötən ilin yayında statusunu dəyişdi:
 
Klubun səhmdarları onun şəxsi təşəbbüsü ilə struktur dəyişikliyinə getdi və prezidentlik üsul-idarəsini geri qaytardı. Bu, artıq Hüseynzadənin mütləq hakimiyyətə yiyələnməsi, idarəçiliyin bir əldə cəmləşməsi demək idi.
 
Bu, eyni zamanda Müşahidə Şurasının qeyri-rəsmi, amma de-fakto çöküşü idi. Şura ötən müddətdə bir dəfə də olsun yığışmadı, proseslərə müdaxilə etmədi, hər hansı qərar vermədi.
 
Məsələlərə müdaxilə imkanını itirən şura üzvlərinin əməkhaqqından məhrum edilməsi göstərdi ki, kuratorlar artıq onlardan əlini üzüb və «pensiyaçılar qvardiyası»nın lazımsızlığını başa düşüb.
 
Bundan sonra lazım idi ki, Hüseynzadə öz əlini stola çırpdı. Ancaq nə etdi?  Vaxtilə «Olimpik»də onu Cahangir Əsgərovun gözündən salmış, «İnter» və «Standard»da yol verdiyi maxinasiyalar, fırıldaqlarla adından «söz etdirmiş» Kamil Məmmədovu yenə qoynuna aldı. Onun ən böyük səhvi bu idi.
 
Orxan bəy transfer işlərində FİFA meneceri adına ləkə olan bu şəxsə etibar elədi, bu da klub içində səlahiyyət yiyələri ilə düşmən etdi. Ona nə qədər deyilsə və başa salmaq istəsələr də, Məmmədova inanmağa davam etdi, bu da axırı… Yoxsa Hüseynzadə maliyyə yeyintisinə görə vəzifədən ayrılmayıb. 
 
Öz istəyi ilə istefa ərizəsi yazması iş azdırmaqdı. Belə bir fikri dünənədək olmayıb. Qərar «yuxarı»da – SOCAR-da verilib, icrasına nəzarət AFFA-ya tapşırılıb və icra olunub. Hüseynzadə necə getmək istəyirdi ki, klubun gələcək inkişaf yollarını nəzərdə tutan «yol xəritəsi» hazırlamışdı? Bu layihəyə növbəti 4 ili əhatə edirdi.
 
Strategiyaya əsasən, «Neftçi» 2 ildən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıydı. Ümumiyyətlə, «yol xəritəsi» özündə bütün sahələri ehtiva və mərhələli dirçəlişi tərənnüm edirdi. 
 
Dörd illik yeni kurs götürən Hüseynzadə Məmmədovdan vaz keçsəydi, ən azı, yayadək postunda qalacaqdı. Ən pis halda! Yadınızda deyil, Sportinfo.az bir müddət əvvəl nə yazmışdı? Mənbələrimizə istinadən məlumat vermişdik ki, o, mövsümün sonunda vəzifəsindən ayrılacaq.
 
Qərarı tezləşdirən səbəblər yanvarın son günlərində «doğdu». Əsas komandanın Antalya toplanışının gedişində. Hüseynzadə kuratora yaxın şəxsin transfer bazarı ilə bağlı narahatlığına əhəmiyyət vermədi, Kamil Məmmədovu işin içinə soxdu. Hər şeyi onu verdi və qarşıdurmaya getdi. Ətrafındakı şəxs(lər)lə  məsləhətləşmək belə istəmədi, münaqişəyə girdi. 
 
Sportinfo.az bir neçə gün öncə "Neftçi" ŞOK xəbər aldı – Büdcə 3 milyon manata endirildi!" başlığı ilə xəbəor tirajlamışdı. Bildirmişdik ki, qış transfer bazarlığı SOCAR-da narazılıq yaradıb. Xüsusən alınan 3 legionerlə bağlı. 
 
Fransisko Xavyer Qarsiya ("Serro Portenyo", Paraqvay), Lukas Qomez ("Deportivo Lara", Venesuela) və Mayk Kampazın (UCR, Kosta-Rika) alınması heç də birmənalı qarşılanmayıb.
 
Hər üç əcnəbini ağ-qara kluba Kamil Məmmədov soxuşdurub. Fırıldaqçılıq və saxtakarlıqda tayı-bərabəri olmayan «menecer»in bu fəaliyyəti «Neftçi»yə artıq növbəti zərbəsini vurub.
 
Belə ki, büdcə 3 milyon manatadək azaldılıb. Bu isə o deməkdi ki, paytaxt təmsilçisi yaxın 6 ayda sanballı futbolçu ala bilməyəcək.
 
Əgər bunadək 150-200 min dollar civarında legioner almağa icazə varıydısa, K.Məmmədovun işbazlığı nəticəsində indən belə bunu etmək mümkün olmayacaq. Başqa sözlə, «Neftçi» dəyəri 100 min manatı aşan oyunçuyla anlaşmaq şanısı qalmayıb.
 
Onu gözləmək olar ki, «Neftçi»də yüksək əməkhaqqı alanların məvacib alanların müqaviləsinə təkrar baxılsın, onlardan güzəştə getmələri istənilsin.
 
Neft şirkətində əyləşən himayədarların Tərlan Əhmədovun tezliklə klubdan getməsini istəməsini dünən oxucularımızın diqqətinə çatdırmışıq. Xəbərin sonunda belə bir sual vermişdik: sizə elə gəlmir ki, komandanın büdcəsinin azaldılması bu prosesi, ümumiyyətlə, sürətləndirmək məqsədi daşıyır?
 
Budu, gedən getdi. Növbə Tərlan Əhmədovdadı, ya yox, bunu da yaxın günlərdə, bəlkə də yaxın saatlarda biləcəyik. Sadəcə, Hüseynzadənin məhz bu qarışıqlıq/qarşıdurma üzündən vəzifəsindən göndərilməsi həqiqətdi və bunu bir daha təkrar vurğulamaqda yarar var!
 
Sportinfo.az
Shares: