Azərbaycan və Belarus milliləri arasında yoxlama oyununu idarə edəcək Andris Treymanis komandalarımız üçün tanış ədalət təmsilçisidi.

Futbolinfo.az xəbər verir ki, yolları təmsilçilərimizlə dəfələrlə kəsişən 33 yaşlı latviyalı cəmi 4 ay öncə də millimizin matçında fit çalıb.

O, DÇ-2018-in seçmə mərhələsinin Almaniya – Azərbaycan oyununu idarə edib. Ötən il oktyabrın 8-də keçirilən görüşdə Bundestim 5:1 hesabı ilə qələbə qazanıb. Görüşdə 1 sarı vərəqə göstərən Treymanis Riçard Almeydanı cəzalandırıb.

2011-ci ildən FİFA referisi olan Treymanısin təmsilçilərimizlə ilk qarşılaşması da həmin ilə təsadüf edib. Latviyalı 7 il öncə Bakıya gəlib. O, Avropa Liqasının 2011/12 mövsümünün AZAL – “Minsk” görüşündə fit çalıb. FİFA referisi 1:1 hesablı heç-heçə bitən matçda meydan sahiblərinə 1, qonaqlara 3 sarı vərəqə göstərib.

Həmin il U-17-nin Avropa çempionatının seçmə oyunlarında da baş hakim olan latviyalı yığmamızın Xorvatiyanı 2:1 hesabı ilə yenməsi və Ukrayna ilə qolsuz heç-heçəsinə də şahid olub. Futbolçularımız ilk görüşdə 2, sonrakı oyunda 1 xəbərdarlıq alıb.

2014-cü ildə U-21 İsraillə görüşüb. Seçmə oyunda yığmamız 3:0 hesablı qələbə qazanıb. Treymanıs futbolçularımıza 2 sarı vərəqə göstərib.

Qeyd edək ki, Azərbaycan – Belarus oyunu matın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Treymanisə Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə yerli referilərdən biri olacaq. (Apasport)

Shares: