Daha bir gənc və perspektivli azərbaycanlı futbolçunun ölkə xaricinə aparılması prosesi uğurla yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, bundan öncə Budaq Nəsirovun “Sportinq”, Fərid Nəbiyevin “Slaviya” (Praqa) klubuna keçidinə vasitəçilik edən FİFA meneceri Vaqif Heydərli “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. 

Muradov icarə əsasında mövsümün sonunadək Çexiyanın adlı-sanlı klubu “Slaviya” klubunun formasını geyinəcək. Gənc oyunçu artıq Praqa klubu ilə sözləşməyə qol çəkib.

Razılaşmaya əsasən 19 yaşlı yarımmüdafiəçi Nəbiyevlə birgə “Slaviya”nın U-21 komandasında forma geyinəcək. İcarə müddəti başa çatdıqdan sonra tərəflər yeni müqavilənin detallarını müzakirə edə bilərlər.

Futbolçu özünü yaxşı tərəfdən göstərsə, onunla 2 illik müqavilə imzalanacaq. (Futbol11)

Shares: