Gözəl yuxudu, deyilmi? “Sumqayıt”ın prezidenti kimi yatırsan, səhər ayılanda artıq “Neftçi”nin prezidentisən. Dünən “Neftçi”ylə oyuna hazırlaşan komandanın problemləri ilə məşğulsan, bu gün əks cəbhədə “Sumqayıt”ı yenməyin yollarını məşqçilərlə müzakirə edirsən.
Yanıltmac kimidi, dilimiz dolaşır. Amma Kamran Quliyev üçün belə deyil, o, reallıqla yaşayır. Dünən “Kapitalbank Arena”nın birinci mərtəbəsindəki ev alqı-satqısı məntəqəsinə oxşayan ofisində idisə, indi “Neftçi”nin AFFA-nın yaxınlığındakı bazasında ikinci mərtəbədə əyləşib.
“Levante”nin prezidentinin “Real”da, “Torino”nun rəhbərinin “Yuventus”da olmaq şansı nə qədərdi? Müqayisəsi belə mümkün deyil. Amma Azərbaycanda hər şey mümkündü. Millinin tərcüməçilərindən birinin məşqçi kurslarında dərs dediyi, digərinin inzibatçı kimi çalışdığı, federasiya rəsmilərinin müxtəlif klublarda vəzifə tutduğu ölkədə yaşayarıq.
AFFA-nın baş katibi Elxan Məmmədov bu istefalardan, təyinatdan xəbərsiz olduğunu deyir. Sanki Orxan Hüseynzadənin 2 saatın içində göndərilməsində, Kamran Quliyevin təcili təyinatında heç biri rolu olmayıb. Halbuki birbaşa rolu, məsləhəti olub, indi də qələbənin həzzini yaşayır.
Ramin Musayev olsaydı, yəqin ki, indiyədək hər şeyi özü açıqlamışdı. Ya da Tərlan Əhmədov kimi, təyinat alan özü açıqlamaları sıralamış, “dayday”ına təriflər yağdırmışdı. Bax, bu diplomatiyaya görə Məmmədov bütün günü İsveçrədə, Musayev uzaqbaşı İmişlidədi; bax, bu diplomatiyaya görə Elxan bəy 5-ci, Ramin bəy 2-ci mərtəbədə əyləşib.
Orxan Hüseynzadə onsuz da gec-tez gedəcəkdi. Ona kifayət qədər vaxt verildi, lakin klubu idarə etmək əvəzinə, bütün səlahiyyətləri dost-tanışa paylayıb, özü kənarda dayandı, bacarıqsızlığını büruzə verdi. İstefanın belə tələsik reallaşmasını məhz Musayev təşkil etdi, ondan Məmmədov yararlandı.
***
Kamil Məmmədovla bağlı SOCAR-da ciddi müzakirələr onsuz da gedirdi. “Neftçi”ni monopoliyaya alan bu menecerin icazəsi olmadan kimsə kluba götürülə bilməzdi. Təkcə qış transfer pəncərəsi dövründə 100-dən çox əcnəbinin təklif olunduğu “Neftçi” sonda yalnız Kamilin gətirdiyi 3 legionerlə gücləndi. Hər biriylə bağlı söz-söhbət vardı, səviyyələrinin qiymətlərinə uyğun olmadığı aşkar görünürdü. Amma Mayk Kampasla bağlı olay həlledici oldu.
Tərlan Əhmədovun 70 min dollara gələrkən bəyənmədiyi futbolçunu 110 minə təklif edilən kimi götürməsi aranı qarışdırdı. Yox, Əhmədovun ağlı çaşmamışdı, sadəcə, bu dəfə təklif edən Kamil Məmmədov idi və onun arxasında rəhbərlik dayanırdı.
Nəticədə PFL ilk təklifi göndərən menecerin şikayətini nəzərə alıb, Kampasın sifariş olunmasına əngəl törətdi, məsələ böyüdü. Ortada kiminsə cibinə gedən 40 min dollar var idi və bu fakt SOCAR-da müzakirəyə çıxarıldı. Klubun vitse-prezidenti, maliyyəyə nəzarət edən Elnur Eyvazovun da düyünün açılmasında böyük rolu oldu və işbazların əməlləri ifşa edildi. Və bu məqamda Elxan Məmmədov hadisələrə müdaxilə edib, qələbə bayrağını sancdı.
***
Kamran Quliyevi komandaya Zaur Qəhrəmanov təqdim edib. Çoxdandı kölgəyə çəkilən Müşahidə Şurasının üzvü yenidən səhnəyə çıxıb. Deməli, SOCAR-dakı söhbətlərdən onun xəbəri var və bəlkə də dəyiş-düyüşdə əsas rol ifaçılarındandı. Amma Quliyevin “Sumqayıt”dakı fəaliyyətini incələyiblərmi? Axı, Kamran bəy milli komandalar üçün baza rolunu oynayan klubda heç də istiqamətə uyğun fəaliyyət göstərməmişdi.
Hər nə olursa-olsun, təyinat reallaşıb. Quliyev uğurlu omaq istəyirsə, ilk növbədə “Neftçi”nin bütün rəhbərlərinin gedişində hansısa şəkildə rolu olan Kamil Məmmədovdan uzaq gəzməlidi. Ondan sonrası isə baş məsələsidi.
CAVAD