“Neftçi”də yeni dönəm başlayır. Bu gün baş tutacaq “Sumqayıt”la səfər matçının nəticəsindən asılı olmayaraq, təzə həftənin ilk günündə klubda islahatlar start götürəcək.
 
Yeni prezident Kamran Quliyevin məşqçilər heyətini dəyişəcəyi dəqiqdi. Lakin bunun üçün ən uyğun zaman gözləniləcək. Futbolçularla bağlı qərarların yaya qalacağı qaçılmaz reallıqdı. Əvəzində inzibati heyətə əl gəzdirilməsi üçün münbit şərait var.
 
“Neftçi” büdcəsinə görə hazırda ölkənin 3-cü komandasıdı. Lakin maliyyə elə xərclənir ki, əsas komandaya diqqət yetirmək mümkün deyil. 250 nəfərə yaxın işçi heyəti var və aylıq büdcənin az qala yarısı onlara gedir. Aylıq 100 min manat kredit ödənişinə, 250 min manat futbolçu və məşqçi heyətinin maaşına sərf olunur. Bu xaosda uğurdan danışmaq, A komandasının gücləndirilməsinə cəhd etmək müşküldü.
 
Quliyev yeni işə başlayarkən mütləq ilk növbədə ixtisarlara meydan verməli, işçi heyətinə əl gəzdirməlidi. Qohumluq, tanışlıq prinsipləri ilə kluba doldurulan 100-dən çox bacarıqsız kadr var. Digər klubların 10-15, uzağı 30-40 nəfərlik işçi heyəti ilə daha mükəmməl struktura nail olduğunu nəzərə alsaq, “Neftçi” də bu yolu tutmalıdı. Əlavə işçilər yola salınmalı, əsas güc nəticəni təmin edəcək komandaya (kluba yox ha – red.) verilməlidi.
 
Kamran bəyə arzulolunmaz miras qalıb. Menecer Kamil Məmmədovun planı ilə 5 illik kreditə girən prezident Orxan Hüseynzadə “Neftçi”nin növbəti 4 ilini də riskə atıb. Akademiyanın istedadlı yetirmələri hamısı yola salınıb, yerli oyunçu potensialı məhv edilib. Komandaya götürülən legionerlər layiq olmadığı müqaviləyə imza atıb və onlar heyətə yük olacaqlar. Hələ Mateo Mujek yola salınmalı, ödənilməmiş kompensasiyalar sahiblərinə çatdırılmalıdı.
 
Bu vəziyyətdə uğur qazanmaq mümkünsüzdü. Quliyevə sələflərinin səhvlərinin nəticəsi olan xarabalıq qalıb. Hər rəhbərlik dəyişəndə özündən əvvəlkilərin problemlərini, borclarını da təhvil alıb. Kamran bəy diqqətini o problemlərin həllinə yönəltsə, bu günü xilas edə, sabahı qura bilməz. Bu səbəbdən ilk addım audit qoxlaması tələb etmək, təftiş aparmaq və təmiz klubda işə başlamaqdı. Son 3 ildə 25-30 milyon manat pul dağıdılıb, 5 illik kredit götürülüb. Prezident çiynini bu yükün altına versə, onurğa sütününa zərər yetirər.
 
“Neftçi” indi tam olaraq AFFA-nın baş katibi Elxan Məmmədovun kurasiyasındadı. Daha dolayısı ilə deyil, birbaşa Məmmədovun kadrı səlahiyyət sahibidi. Deməli, istənilən mənfi/müsbət nəticə həm də Elxan bəyin gündəliyinə yazılacaq. Cütlük ya imperiyalarının zəfərini “Neftçi”də qeyd edəcək, ya da məhvə doğru birlikdə gedəcəklər.
 
FƏRİD
Shares: