Danışılmış oyunlarda iştirak şübhəsi ilə futboldan qovulan 3 nəfərin taleyinə qarşıdakı həftədə aydınlıq gələcək. “Keşlə”nin sabiq oyunçuları – Nizami Hacıyevlə Mirhüseyn Seyidovun, eləcə də “Neftçi”nin məşqçisi Ağakişi Mehdiyevin apellyasiya müraciəti əsasında müvafiq qurum bir araya gələcək.
 
Futbolinfo.az xəbər verir ki, komitənin yığışacağı dəqiq gün bəlli deyil. Amma həftə ərzində məsələyə mütləq qiymət veriləcək.
 
Futboldan ömürlük qovulan bu şəxslərin cəzasının yüngülləşdirilmə ehtimalı var. Danışılmış oyunlarla bağlı araşdırmalar səngiməyib, lakin yeni faktları açıqlamaq mümkün deyil. Ya bütün ölkə futbol təsərrüfatı bir-birinə dəyməlidi, ya da araşdırılan faktlar gizlədilməlidi. Ajiotajdan ehtiyat edən AFFA da ikinci variantı lazım bilir. Belə olduqda adı çəkilən 3 nəfərə verilən cəza həddən artıq sərt görünür. Elə bu səbəbdən assosiasiya onları qismən bağışlamaq niyyətindədi.
Shares: