Topaz Premyer Liqasının 16-cı turunda "Qəbələ" doğma meydanında "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. Matç başa çatan kimi oyunda xoşagəlməz hadisə yaşanıb. Rauf Cabbarovun final fitindən sonra "Qəbələ"nin futbolçuları – Cavid Hüseynov, Ruslan Qurbanov və Ürfan Abbasovun rəqibin heyətində çıxış edən Sadio Tounkarayla Riçard Qadze arasında münaqişə yaşanıb.
Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, qalmaqal meydandan kənarda da davam edib. Paltardəyişmə otağının qarşısında dayanan “Qəbələ” klubunun mühafizəçilərindən biri qonaqların baş məşqçisi Ayxan Abbasovu kəllə ilə vurub. Mətbuat konfransı başa çatdıqdan sonra isə Ayxan Abbasovu “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov iş otağına dəvət edib. Tərəflər arasında yarım saatdan artıq söhbət bu dəqiqələrdə başa çatıb.
Qeyd edək ki, oyundan sonra “Zirə”nin futbolçularına media mənsublarına açıqlama verilməsinə də qadağa qoyulub.