Xoşum gəldi. Səmimi olmasa da, bir az göstəriş xarakterli alınsa da, əla alındı.
 
Kamran Quliyevin açıqlamasını nəzərdə tuturam. Ramin Musayevin dediklərinə verilən cavab həm də meşədə kimin kral olmasının nümayişi idi.
 
Düzdü, Quliyevi heç vaxt belə sərt danışan görməmişdik. Bu üzdən bir az qəribə göründü. Bəlkə də “Neftçi” prezidenliyi kürsüsünün yüksəkliyindəndi ki, yumruğunu stola çırpacaq qədər cəsarətlənib. Orxan Hüseynzadədə çatışmayan əsas cəhət məhz bu idi. Peşəkar Futbol Liqasının prezidenti qafiyə açırdı, Tərlan Əhmədov da deyişməyə qoşulurdu. Hüseynzadənin idarəçilik bacarığının zəif olmasını məşqçinin ağzını bağlayacaq qədər cəsarət göstərməməsi göstərirdi.
 
Kamran bəy bu məşqçi ilə uzun yol getməyəcək, lakin indi birlik olmaq şərtdi və bunu da edir. Məşqçiyə, futbolçulara sahib çıxır, lazım gəlsə, Musayevə qarşı olacağını nümayiş etdirir: “Bu, vacib oyundan öncə ölkənin ən köklü və titullu klubuna qarşı açıq-aşkar təzyiqdir. Musayevin baş məşqçimizi “öz üsülları ilə” cəzalandıracağını deməsi “Neftçi” kimi ad-sanlı komandaya, baş məşqçimizə və futbolçularımıza oyunöncəsi psixoloji cəhətdən çox pis təsir edə bilər. İstənilən halda ümidvaram ki, bu gün güclü olan qalib gələcək. Bir məsələni də xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz.  Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!”
 
Bu açıqlamada başqa bir jest də var. “Sumqayıt”la “Neftçi” oyunu öncəsi və sonrası yaranan söz-söhbətlərə görə Quliyev Musayevi hədəf göstərir. Yəni ki, nəsə olsa, sənlikdi…
 
Taktikanı bəyəndim!!!
 
FƏRİD
Shares: