Topaz Premyer Liqasının 16-cı turunun açılış oyununda “Qəbələ” ən yaxın izləyicisi “Zirə”ni 2:1 hesabı ilə məğlub etdi.

Futbolinfo.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov maraqlı açıqlamalar verib. O, oyunu belə şərh edib:

“Oyundan-oyuna irəliləyiş var və bunu hiss edirik. Əlbəttə, səhvlərimiz də var, yaratdığımız bir sıra qol imkanlarından istifadə edə bilməməyimizi də görürük. Qarşılaşma kifayət qədər gərgin məcrada davam etdi. Sevinirik ki, 3 xalı qazanan tərəf biz olduq”.

Təmkin Xəlilzadə mövsümün ilk yarısında sərgilədiyi futbolu ortaya qoymur. Milli futbolçu “Zirə”də daha xoş təsir bağışlayırdı. Klub rəsmisi bu məsələyə belə münasibət bildirib: “Yeni komandaya gəlib, qarşısında fərqli tələblər qoyulub. “Qarabağ”la oyunda Təmkini bəyənmişdim. Bugünkü oyunda ola bilər hansısa məqamda uğursuz oldu, ancaq bu, təbiidi. Çünki komandamıza yenio qoşulub. Uyğunlaşma üçün bir qədər zamana ehtiyac var”.

Nəcəfov matçdan sonra futbolçular arasında yaranan münaqişəyə də toxunub: “Bu barədə dolğun məlumatım yoxdu. Tapşırıq vermişəm ki, araşdırılsın. Günah bizim uşaqlardadısa, mütləq cəzalandırılacaqlar. Ruslan Qurbanov da söyüş söyübsə, mütləq cəzasını alacaq”. (Sport24)

Shares: