“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyunla bağlı öncə bunları söyləyib:
– Oyuna pis başlamamışdıq. Amma etdiyimiz səhvlər oyunun taleyini həll etdi. Mənə dedilər ki, “Sumqayıt”ın birinci qolunda penalti yox idi. Məğlub olsaq da, dördüncü pillə uğrunda mübarizə aparacağıq. Məğlub olmuşuq və bunun səbəbkarı mənəm. Əminliklə deyirəm ki, “Neftçi” öz sözünü deyəcək. Əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Ümid edirəm ki, buna nail olacağıq.
– PFL prezidenti Ramin Musayev bu gün sizinlə bağlı növbəti açıqlama verib və cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?
– Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadı və öz oyunumuz haqda danışmaq istəyirəm.
– Klubun prezidenti istefa verdi və Kamran Quliyev bu posta təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
– Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Belə qərar verilibsə, bunu qəbul etməliyik.
– Kənardan görünən budu ki, “Neftçi”də baş məşqçi sərbəst işləyə bilmir. Bu şərtlər altında işləmək çətin deyil?
– Burada heç bir təzyiq hiss etmirəm. Mən komandaya nəzarət edirəm və istəyirəm ki, oyundan-oyuna yaxşı çıxış edək. Mənim sehrli çubuğum yoxdu və allahın bacısı oğlu deyiləm ki, möcüzə ortaya qoya bilim. İşləyirik və ümid edirik ki, hər şey yaxşı olacaq.
– Klubun yeni prezidentinin ilk açıqlaması sizi müdafiə etmək olub. Kamran müəllimlə görüşünüz olub?
– Bəli, Kamran müəllimlə söhbət etmişik. Yenə deyirəm, mətbuatdan yazılanlardan xəbərim yoxdu. Kamran müəllimlə komanda haqda danışmışıq, hər şey qaydasındadı.
– Kampasın sizə bir, sonradan başqa qiymətə təklif olunduğuna dair xəbərlər var. Bu, nə dərəcədə doğrudu?
– Mən heç bir menecer tanımıram. Öz bəyəndiyim, seçdiyim oyunçular olub. Amma heç biri gəlib mənə çatmayıb. Mən Kampasın cəmi bir oyununu görmüşəm. Ötən ilin dekabrında Antalyada canlı baxdıqdan sonra demişəm ki, gətirin. Mən hətta yerli futbolçuların nə qədər qazandıqlarını bilmirəm. Onun hansı məbləğə gəlməsindən xəbərsizəm.
– Rəşad Sadiqov azarkeşi təhqir edir və siz onu dəstəkləyirsiniz.
– Biz əzərbaycanlıyıq və azərbaycanlı bir-birinə hörmət etməlidi. Heç kimin nəslini-kökünü söymək düzgün deyil. Azarkeş futbolçunun kökünü söyürsə, bu, düzgün deyil.
– Söyüşü söyən "Sumqayıt"lı Ehtiram Şahverdiyevin atasıdı…
– Meydanda olan kənara çıxmamalıdı. Ağsaqqal insan o cür söyürsə, biz və polis göz yumacaqsa… Biz insanıq, azərbaycanlıyıq. Bizə belə şey yaraşmaz.
– Bizdə olan məlumata görə, klubun yeni prezidenti ilə münasibətiniz yaxşı vəziyyətdədi. Maraqlıdı, klubdakı gələcək taleyiniz müəyyənləşib?
– Xeyr. Bir günə məşqçi dəyişikliyi ilə bağlı qərar vermirlər. (Futbol11)