"Yay və qış fasiləsində bir neçə təklif var idi. Amma mən “Dinamo”da qalmağa qərar verdim”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “fussball.de” saytına açıqlamasında millimizin sabiq hücumçusu Rüfət Dadaşov deyib. Almaniyanın 4-cü bundesliqasında “Dinamo”nun şərəfini qoruyan 26 yaşlı forvard aldığı təkliflərə baxmayaraq, hazırkı komandasında qalmasının səbəblərindən danışıb:

“3-cü liqaya gedib, peşəkar klubla müqavilə bağlamaqla deyil. Mən ehtiyatda oturmaq yox, oynamaq istəyirəm. Məni istəyən komandalara keçsəydim, əminliklə deyə bilərəm ki, əvvəlcə ehtiyat oyunçular skamyasında oturmalı idim. Ona görə razılaşmadım. Bundan başqa, özümü “Dinamo”da çox rahat hiss edirəm. Bu klubdan ayrılmaq istəmirəm. Amma hər futbolçu kimi mən də mümkün qədər yüksək səviyyədə oynamaq arzusundayam. Peşəkar futbolçu olmaq istəyirəm”.

Cari çempionatda 19 oyunda vurduğu 20 qolla bombardirlər siyahısına başçılıq edən Dadaşov Berti Foqtsun dövründə millimizin formasını geyinib. Təcrübəli futbolçu alman mütəxəssislə bağlı xatirələrindən də söz açıb: “Foqts oyunlara böyük diqqət yetirən qədim futbol məktəbinin nümayəndəsidir. O, çox səliqəli işləyir. Eyni zamanda rahat adamdır. Onunla məşqdə hər zaman zarafatlaşıb, şənlənə bilərsiniz. Foqts ilk məşqdən mənimlə maraqlanmağa başladı. Onun vaxtında demək olar ki, millinin bütün oyunlarında iştirak etdim. Bu da mənə inam gətirdi”.

Dadaşov yenidən milli komandamıza dəvət almaq ehtimalına da toxunub: “Ümid edirəm ki, tezliklə daha bir şans qazanacam. Öz ölkənin yığmasında çıxış etməkdən yaxşı şey yoxdur. Üzərimdə işləməyə davam etsəm, inanıram ki, hazırkı uğurumu Azərbaycan millisində də təkrarlaya bilərəm”.

18 yaşlı qardaşı Renat Dadaşovla bağlı da danışan Rüfət onun istedadlı və müasir hücumçuya xas keyfiyyətləri olan futbolçu hesab edir: “Renat yaşıdları arasında ən yaxşı və istedadlı oyunçulardan biridir. Buna baxmayaraq, tezliklə toparlanmalıdır Çünki peşəkar müqavilə imzalayıb. Aydındır, Renat meydanda hər şeyi etməyi bacaran müasir hücumçudur. Hər iki ayağı ilə oynamağı bacarır və sürətlidir. Belə deyək, istənilən halda ən azı mənim qədər yaxşıdır (gülür). Onun zəif cəhəti varsa, bu da başla oynamağıdır. Renat bunun üzərində işləməlidir”. (qol.az)

Shares: